Xəbər Xətti

Tibb Universitetində narkotiklər əleyhinə maarifləndirmə...

Tibb Universitetində narkotiklər əleyhinə maarifləndirmə...
29Noyabr 202212:01

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində keçirilib.

Layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizə, bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirilən islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığına təsirləri  barədə danışıb. O, gəncləri bütün zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə  Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndirib, Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu bildiriblər.

Tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıq ifadə olunub.