Rəsmi

İlham Əliyev Hulusi Akarı qəbul etdi

İlham Əliyev Hulusi Akarı qəbul etdi
5Dekabr 202220:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Modern.az xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. 

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb. Bu baxımdan, hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib. 

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb. 

Hulusi Akarın ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.