Hikmət Hacıyev diplomatlara Laçın yolundakı vəziyyətdən danışdı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşüb.
Azlist.az xəbər verir ki, Hikmət Hacıyev diplomatları Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırıb.
Prezidentin köməkçisi deyib:
“Bildiyiniz kimi, gündəliyi pozmaq üçün bir çox məsələlər yaradılır. O cümlədən bəzi məsələlər təbliğat elementi kimi istifadə olunur. Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş ərazilərə ən son səfərimiz zamanı bunların şahidi olduq”.
Prezidentin köməkçisi bildirib ki, Qarabağda Azərbaycanın mineral və təbii ehtiyatları qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı halları intensivləşib və müxtəlif mənbələrə əsasən, bu fakt təsdiqini tapıb.
H.Hacıyev qeyd edib ki, xüsusilə faydalı qazıntı yataqlarının yerləşdiyi ərazidə yük maşınlarının keçidinin intensivləşdiyi müşahidə olunub. Bu məsələ Azərbaycanın müvafiq dövlət qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən monitorinq aparılaraq araşdırılıb.
"Rusiya sülhməramlılarına məktublar yollamışıq, onların komandanı ilə əlaqə saxlayırıq".
Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda, bu məsələlər Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub.
“Çünki hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildiriblər”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur. Onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Həmçinin onların səsləndirdikləri şüarlarda ekoloji terrordan da bəhs olunur. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər.