Xəbər Xətti

Ruslar Azərbaycan rəsmilərini buraxmadılar, özləri Laçın yolundan keçdilər

Ruslar Azərbaycan rəsmilərini buraxmadılar, özləri Laçın yolundan keçdilər
16Dekabr 202213:55

Azərbaycanın təbii resurslarının qanunsuz istifadəsinin dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, QHT nümayəndələrinin etiraz aksiyası artıq beş gündür davam edir.

Azlist.az xəbər verir ki, ötən günlərdə olduğu kimi, aksiyanın keçirildiyi yerdə vətənpərvərlik mövzusunda mahnılar səslənir, insanlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi ərazidə, Qarabağda faydalı qazıntıların talan edilməsini dayandırmaqla bağlı çağırışları əks etdirən şüarlar səsləndirirlər.

Bu gün saat 11:40-da sülhməramlılara məxsus 6 yük maşını və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Beləliklə, bir daha sübut olunub ki, dinc aksiya iştirakçıları nəqliyyat vasitələrinin keçməsinə hər hansı maneə törətmirlər.

Bununla yanaşı, Azərbaycan tərəfinə Qarabağın dağlıq hissəsində monitorinq aparmağa yenə şərait yaradılmayıb.

Bu gün İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. 

Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib ki, görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş "yol xəritəsi"nə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Lakin minotorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və buna görə də qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. 

Monitorinq qrupunun üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.