Xəbər Xətti

Xorvatiya millisi dünya 3-cüsü oldu

Xorvatiya millisi dünya 3-cüsü oldu
17Dekabr 202221:20

Futbol üzrə Xorvatiya millisi ikinci dəfə Dünya Çempionatının bürünc medalına sahib olub.

Azlist.az xəbər verir ki, Qətərdə keçirilən Dünya Çempionatında Xorvatiya millisi Mərakeş yığması ilə üçüncü yer uğrunda qarşılaşıb.

Matçda hesabı Xorvatiya millisi açıb. Oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol fərqlənib. İki dəqiqə sonra mərakeşli futbolçu Əşrəf Dari hesaba tarazlıq gətirib. Qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiya millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi mundialı üçüncü pillədə başa vurub.

Xorvatiya millisi ikinci dəfə dünya üçüncüsü olub. Komanda ilk dəfə 1998-ci ildə Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb.

Qeyd edək ki, Dünya Çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.