Xəbər Xətti

Aksiyanın 11-ci günü: Sülhməramlıların maşınları Laçın yolundan keçdi

Aksiyanın 11-ci günü: Sülhməramlıların maşınları Laçın yolundan keçdi
22Dekabr 202212:16

Azərbaycanın QHT nümayəndələri və ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiya 11-ci gündür davam edir.

Azlist.az xəbər verir ki, aksiyaya qoşulan könüllülər yüksək əhval-ruhiyyədə olduqlarını deyirlər.

Etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Onların tələbləri dəyişməz olaraq qalır.

Aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, bu gün Rusiya sülhməramlılarına məxsus daha beş təchizat avtomobili ərazidən maneəsiz keçib.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.

Dekabrın 22-də daha 100-dək ekofəal aksiyaya qoşulub.

Aksiya iştirakçıları bütün lazımi şəraitlə təmin olunublar.

Qeyd edək ki, dekabrın 12-dən başlayan aksiya Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi-Laçın yolunun bir hissəsində azərbaycanlı ekofəallar və QHT üzvləri tərəfindən ölkəmizə aid ərazilərdə ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.