Xəbər Xətti

Laçın yolundakı aksiyanın 13-cü günü: nələr baş verir...

Laçın yolundakı aksiyanın 13-cü günü: nələr baş verir...
24Dekabr 202211:18

Azərbaycanın QHT nümayəndələrinin Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 13-cü gündür ki, davam edir.

Azliast.az xəbər verir ki, dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Etirazçıların toplaşdığı ərazidən keçən yol humanitar məqsədlər üçün tam açıqdır.

Belə ki, bu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobil Xankəndidən olan bir körpəni müalicə üçün Ermənistana aparıb.

BQXK avtomobillərinə Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət etməyə şərait yaradılıb.

Bundan başqa, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 8 ədəd təminat avtomobili də keçib.

Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların Şuşa şəhəri ərazisindəki postu yaxınlığında etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.

Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.