Xəbər Xətti

Laçın yolunda 17-ci gün - 3 erməni Xankəndidən İrəvana aparıldı

Laçın yolunda 17-ci gün - 3 erməni Xankəndidən İrəvana aparıldı
28Dekabr 202210:10

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin Laçın yolunda keçirdiyi etiraz aksiyası davam edir. Bu gün aksiyanın 17-ci günüdür.

Azlist.az xəbər verir ki, Laçın yolunda toplanan dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.

Havanın soyuq olmasına baxmayaraq, onlar aksiyanı aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı təhlükəsizlik qaydalarına riayət olunur, indiyədək heç bir insident müşahidə edilməyib.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni milliyyətli ağır xəstə olub.

Bundan başqa, Rusiya sülhməramlılarına məxsus 3 təminat avtomobili də Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edib.

Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların Şuşa şəhəri ərazisindəki postu yaxınlığında etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.

Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. 

Bundan başqa, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması da tələblər sırasındadır.