Laçın yolundakı aksiya: 35-ci gün...
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar 35-ci gündür Laçın-Xankəndi yolunda etiraz aksiyasl keçirirlər.
Azlist.az xəbər verir ki, 35 gündür davam edən aksiyanın tələbləri eyni olaraq qalır. Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.
Etirazçılar Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Ekofəallar yanvarın 15-də də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Bununla yanaşı, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat-təchizat və minik avtomobilindən ibarət karvanın da aksiya ərazisindən maneəsiz keçidi baş tutub.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsindki bu aksiya ötən il dekabrın 12-dən başlayıb.