Türkiyədən 565 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub
Türkiyədə zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 6-dan indiyə kimi 565 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hazırda təxliyə prosesi davam etməkdədir.
Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.
"Qaynar xətt" nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb.
Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.
Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.