Lavrovun Bakıdakı “məsləhəti” gözə kül ÜFÜRMƏKDİR
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.
“Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin, eləcə də mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”, - Lavrov deyib
Azlist.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Lavrovun açıqlamasını şərh edib.
Onun fikrincə, Lavrov bununla demək istəyib ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır.
“Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar gözə kül üfürməkdir. Bu, problemi həll etməyəcək. Biz Kremlin nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq”.
E.Şahinoğlu deyib ki, Lavrov Bakıdan “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə İrəvana da mesaj göndərib.
“Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verib: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”.
Simonyan bununla Lavrova demək istəyib ki, “bizim işimizə qarışmayın”.
Beləliklə, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirib. Bu azmış kimi İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbin gerisində qaldığını göstərir. Bundan sonra hələ rusiyalı nazir Lavrov bizə ağıl qoymağa çalışır ki, “Laçın yolunda nəzarət postu olmamalıdır””, - E.Şahinoğlu bildirb.