Rəsmi

Rəsmi Bakı adından Qarabağdakı ermənilərlə danışıqları deputat aparır

Rəsmi Bakı adından Qarabağdakı ermənilərlə danışıqları deputat aparır
1Mart 202314:06

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Azlist.az xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Ramin Ələmşah oğlu Məmmədov  1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

«Dövlət qulluğunda fərqlənməyə görə» və «Tərəqqi» medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.

2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib, 2008–2009-cu illərdə «Avrositi Holdinq»in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.