Rəsmi

Prezident xanım professoru vəzifəyə təyin edib

Prezident xanım professoru vəzifəyə təyin edib
1Mart 202318:06

Prezident İlham Əliyevin sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

 Azlist.az yeni xidmət rəisinin dosyesini təqdim edir: 

Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu memar ixtisası üzrə bitirib. 

1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Landşaft memarlığı kafedrasında müəllim, 2000–2015-ci illərdə Abidələrin bərpası və mühafizəsi laboratoriyasında müdir, hazırda isə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri işləyir. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. 

2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır. 

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Prezidentin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib, 17 dekabr 2021-ci ildə isə Əməkdar memar fəxri adına layiq görülüb.