Umayra Tağıyeva nazir müavini TƏYİN EDİLDİ
Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Azlist.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib.
Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Umayra Tağıyeva 3 aprel 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
O, 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik, mühəndis, 1993-2001-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.
2001-2015-ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.
3 aprel 2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin rəisi olub.
U.Tağıyeva 22 may 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.