Xocavənddə kütləvi məzarlıq TAPILDI
Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə basdırdıqları daha bir məzarlıq tapılıb.
Azlist.az xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova deyib ki, Edilli kəndində 3 sahə aşkar olunub.
“Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlanıb. Çoxunun ayaqları kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Bu ilin fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.