Cəbrayılda Beton Zavodu AÇILIR
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (Cəbrayıl rayonunda) yeni rezident - “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.
Azlist.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.
İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.
Qeyd edək ki, indiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Xatırladaq ki, Cəbrayıl rayonu ərazisindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ölkə Prezidentinin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.