Rəsmi

İlham Əliyev Ərdoğanla GÖRÜŞDÜ

İlham Əliyev Ərdoğanla GÖRÜŞDÜ
15Mart 202322:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfər edib.

Azlist.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyənin dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.

Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.

Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.