Xəbər Xətti

Deputat Fazil Mustafa GÜLLƏLƏNDİ - YENİLƏNİB

Deputat Fazil Mustafa GÜLLƏLƏNDİ - YENİLƏNİB
28Mart 202322:38

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşkil olunub.

Azlist.az xəbər verir ki, deputat Sabunçu rayonundakı evinin yaxınlığında naməlum şəxs tərəfindən güllələnib. 

Fazil Mustafa yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Millət vəkilinin Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilib. 

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin yaxınlığında güllələnib. Onun ayaq və çiyin nahiyəsindən yaralandığı bildirilir. 

Hazırda deputatın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

***

TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. 

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Sabunçu rayonu ərazisindəki evinin yaxınlığında güllələnib. 

***

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Azlist.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur”, - deyə Baş Prokurorluq bəyan edib.