Qarabağ separatçıları rəsmi Bakının görüş təklifindən imtina edib
Qarabağın erməni ictimaiyyəti – separatçılar rəsmi Bakının görüş təklifindən imtina edib.
Azlist.az xəbər verir ki, Qarabağ separatçılarının qondarma “xarici işlər nazirliyi” rəsmi Bakının növbəti görüş keçirilməsi təklifini qəbul etməyib.
Separatçılar bildiriblər ki, “Qarabağ münaqişəsinin tənzimlənməsi beynəlxalq səviyyədə tanınmış və razılaşdırılmış formatda, tərəflərin bərabərliyi və üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq qarantiyalar olmaqla keçirilməlidir”.
Separatçılar onu da bildiriblər ki, Azərbaycanın görüş üçün təklif etdiyi yer və gündəlik onları qane etmir.
Separatçılar israrla görüşün Rusiya sülhməramlıların nəzarətində olan ərazidə keçirilməsini istəyirlər.
Onların fikrincə belə bir görüşdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən Laçın yolunun açılması müzakirə oluna bilər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş mart ayının 1-də Xocalıda keçirilmişdi.