Su Ehtiyatları Agentliyi yaradıldı - sədr təyin olundu
Martın 30-da Prezident İlham Əliyev “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Azlist.az xəbər verir ki, Fərmana əsasən, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Prezidentin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Zaur Mikayılov bu təyinatadək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri olub.
Yeni sədri daha əvvəl “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında bu vəzifəyə təyin olunan Z.Mikayılov 2021-ci ilin yanvarında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri postuna təyinat alıb.
O, 2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.
Daha sonra Zaur Mikayılov “PASHA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.
“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməzdən öncə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsində işləyib. Adıçəkilən şirkət “PASHA Holding”in strukturuna daxildir.
Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.