Fazil Mustafaya sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb - FOTO
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.
Ötən gün saxlanılan şəxslərdən üç nəfərin Səricanov Azər Kamran oğlu, Əsgərov Elşad Tofiq oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu olduğu bildirilir.
Azlist.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatyına görə, hazırda araşdırmalar davam etdirilir.
Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çkeçirdiyi bildirilir.
Martın 28-də saat 21:51-də Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.