Rəsmi

Azərbaycan İrana cavab notası verdi - Səfir XİN-ə ÇAĞIRILDI

Azərbaycan İrana cavab notası verdi - Səfir XİN-ə ÇAĞIRILDI
3Aprel 202318:09

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış notası 3 aprel tarixində daxil olub.

Azlist.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.

Xatırladaq ki, Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən bir neçə gün öncə Azərbaycana nota verilmişdi.