İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib - SƏRƏNCAM
İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, İnam Kərimov bu təyinata qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
İnam İmdad oğlu Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
O, 21 aprel 2018-ci ildə Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, İnam Kərimovdan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev olub. O, 18 il sədr vəzifəsində çalışıb.