Ermənilər sərhəddə itkilər verdi - düşmənin yaralıları da var
Xəbər verdiyimiz kimi, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Azlist.az xəbər verir ki, təxribat zamanı Ermənistan tərəfi də itkilər verib.
“Hraparak”ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı erməni hərbçiləri arasında ölənlər və yaralananlar var.
Rəsmi məlumata görə, Ermənstan Ordusunun 4 hərbçisi ölüb, 6-sı yaralanıb.
“Hraparak” qəzeti yazır ki, Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ordu Korpusunun komandiri, polkovnik Armen Qyozalyan atışma zamanı yaralanıb.