Rəsmi

Səfərbərlik üzrə Dövlət Xidmətində yeni rəis təyinatı - FOTO

Səfərbərlik üzrə Dövlət Xidmətində yeni rəis təyinatı - FOTO
17Aprel 202315:09

Prezident İlham Əliyev aprelin 17-də Arzu Rəhimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azlist.az xəbər verir ki, dövlət başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat da gerçəkləşdirib.

Belə ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Dövlət Xidmətinin yeni rəisi 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.