Rəsmi

Ermənistan azərbaycanlı hərbçiləri əsirlikdən azad etməlidir - Nazir

Ermənistan azərbaycanlı hərbçiləri əsirlikdən azad etməlidir - Nazir
17Aprel 202316:26

Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. 

Azlist.az xəbər verir ki, görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub. 

Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.