Əsir düşən əsgərlərimiz ailələrinə məktub YAZDILAR
Bu gün - 19 aprel tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərə baş çəkiblər. İrəvanda onlarla təkbətək görüş keçirilib və ailələrinə məktub yazmağa şərait yaradılıb.
Azlist.az xəbər verir ki, bu barədə BQXK-nin Bakı Nümayəndəliyinin açıqlamasında bildirilib.
"Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə "Qızıl Xaç Məktubu" vasitəsilə əlaqə yaratmaq imkanı verilib.Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - təşkiatın açıqlamasında deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.