Ermənistanla sərhəddə bayrağımız qaldırıldı - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində üçrəngli bayrağımız qaldırılıb.
Azlist.az xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.