Ermənistan azərbaycanlı əsirləri geri vermək İSTƏMİR
Ermənistanın baş prokuroru Anna Vardapetyan əsir götürülmüş Azərbaycan hərbçilərindən danışıb.
Azlist.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, hazırkı mərhələdə hərbçilərin ekstradisiyasının planlaşdırılmadığını bildirib.
Vardapetyanın sözlərinə görə, məhkəməyə qədər azərbaycanlı əsgərlərin ekstradisiyasına icazə verilmir və bu, qanunla nəzərdə tutulmayıb. Gələcək ehtimala gəlincə, baş prokuror məsələnin onun səlahiyyətində olmadığını deyib.
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azan Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.