Rəsmi

Bakı və İrəvan sülh sazişinə dair bəzi maddələrdə RAZILAŞDI

Bakı və İrəvan sülh sazişinə dair bəzi maddələrdə RAZILAŞDI
5May 202309:02

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılıb.

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın Dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Tərəflər hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.

Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Amma XİN-in məlumatında razilaşdırılan və mövqelərin fərqli qaldığı məsələlər açıqlanmayıb.

ABŞ-ın Dövlət katibi Entoni Blinken xarici işlər nazirlərinin görüşünün yekununadair bildirib ki, Azərbaycan və Ermənistan nazirləri bu danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib.

 “Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - o deyib.

"Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.

ABŞ diplimatı daha sonra deyib: “Mən nazirlərə təklif etdim ki, onlar öz paytaxtlarına qayıdaraq hökumətləri ilə belə bir perspektivi bölüşsünlər ki, əlavə xoş məram, güzəştlilik və kompromis olarsa, razılaşma əl çatacaq məsafədədir”.

E.Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar davamlı və dayanıqlı sülhün təmin olunması  üçün tam dəstək və iştirakını davam etdirəcək.