Ermənistan azərbaycanlı əsgərə həbs cəzası kəsdi
Ermənistanda əsir saxlanılan Azərbaycan əsgəri Aqşin Bəbirova 11 il 5 ay müddətinə qanunsuz həbs cəzası verilib.
Azlist.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunub.
Bildirilib ki, əsirlikdə olan digər hərbçi Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azan Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.