Xəbər Xətti

Şarl Mişelin ofisi üçtərəfli görüşü TƏSDİQLƏDİ

Şarl Mişelin ofisi üçtərəfli görüşü TƏSDİQLƏDİ
9May 202311:21

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ofisi mayın 14-də Brüsseldə üçtərəfli görüşün planlaşdırıldığını təsdiqləyib.

Azlist.az-ın məlumatına görə, Avropa İttifaqı Şurasının üçtərəfli görüşlə bağlı açıqlamasında qeyd edilib ki, 14 mayda Şarl Mişelin vasitəçiliyilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan bir araya gələcək. 

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyi təşviq etmək və iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx təmasda olmaqda davam edir”, - açıqlamada deyilir. 

Həmçinin bildirilib ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iyunun 1-də Moldovada Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli görüşün keçirilməsi ilə bağlı da artıq razılıq var. 

Şarl Mişel həmçinin Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini artıq oktyabr ayında İspaniyada Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində ikinci görüşü keçirməyə dəvət etmək niyyətində olduğunu bildirib. 

Avropa İttifaqı Şurasının açıqlamasında o da qeyd olunub ki, Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan Brüssel görüşünün gündəliyindəki məsələləri və yerlərdəki hadisələri nəzərdən keçirmək üçün üçtərəfli görüşləri lazım olduğu qədər davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, üçtərəfli görüş barədə ilk məlumatı Financial Times yayıb.

Bu arada ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşünü artıq alqışlayıb.

Dövlət Departamentinin bəyanatında deyilir: “Bu, Vaşinqtondakı danışıqlardan sonra irəliləyişə nail olmaq üçün mühüm fürsətdir”.