Xəbər Xətti

Ermənstanla sərhəddə şiddətli atışma: bir həbçimiz ağır yaralandı

Ermənstanla sərhəddə şiddətli atışma: bir həbçimiz ağır yaralandı
11May 202309:02

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Azlist.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

 
***

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.


***

Müdafiə Nazirliyinin yaydığı daha bir məlumata görə, bu gün səhər Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Müdafiə Nazirliyi bəyan edib ki, qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.