Rəsmi

Ermənistan əsirləri qaytarmaqdan İMTİNA EDİR

Ermənistan əsirləri qaytarmaqdan İMTİNA EDİR
23May 202312:52

"Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb".

Azlist.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi əsassız fikirlərə cavab olaraq bildirib.

"Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə nazirlikdən qeyd edilib. 

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azan Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. 

Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.