Ağdamda 3 nəfər minaya düşdü
Oktyabrın 8-də saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı baş verib..
Azlist.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin məlumatına görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu, 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib.
Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Hər üç şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.