Xəbər Xətti

Ərdoğan və xanımı Bakıya gəlib

Ərdoğan və xanımı Bakıya gəlib
12İyun 202323:50

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə rəsmi səfər edib.

Azlist.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Ziyafət konsert proqramı ilə davam edib.

Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.