Putin Priqojini xəyanətkar və satqın ADLANDIRDI
Rusiya Prezidenti Vladimir Putin ölkədə hərbi qiyama qalxan “Vaqner” muzdlular dəstəsinin rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət adlandırıb.
Azlist.az xəbər verir ki, bu barədə Putin xalqa müraciətində bildirib.
Putin baş verən hadisələri 1917-ci il hadisələri (Rusiya inqilabı) ilə müqayisə edib.
“Biz bunun təkrarlanmasına imkan verməyəcəyik. Bu xəyanət və satqınlıqdır”.
Prezident deyib ki, Rusiyada üsyan təşkil etməyə çalışanlar ölkəni məğlubiyyətə və təslim olmağa sövq etmək istəyirlər: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".
Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb: "Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın Prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".
O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini bəyan edib.
Putin qeyd edib ki, Rostov-na-Donuda vəziyyət çətin olaraq qalır.
Onun sözlərinə görə, Rostovda mülki və hərbi qurumların işi faktiki olaraq bloklanır.
Putin bildirib ki, ordu və hüquq-mühafizə orqanlarının əməkdaşları lazımi əmrləri alıblar.
Putin üsyançıları kriminal fəaliyyətlərdə iştirakını dayandırmağa çağırıb. O, silahlı qiyama sürüklənənləri ölümcül səhvə yol verməməyə çağırıb.
Putin əmindir ki, Rusiya hər şeyə qalib gələcək və daha da güclənəcək.
Qeyd edək ki, ötən gün "Vaqner" rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.