Lukaşenko Priqojini hərbi qiyamdan DÖNDƏRDİ
Rusiyada hakimiyyətə qarşı qiyam edən “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun təklifini qəbul edərək silahlı dəstələrinin Moskvaya doğru hərəkətini dayandırıb.
Azlist.az xəbər verir ki, bu barədə A.Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Belarus Prezidentinin Y.Priqojin ilə danışıqları gün ərzində davam edib.
“Nəticədə Rusiya ərazisində qanlı qırğının baş verməsi yolverilməz sayılıb”, - deyə bildirilib.
Y.Priqojin “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətinin dayandırılması və gərginliyin aradan qaldılmasına dair gələcək addımların atılması təklifi ilə razılaşıb.
“Hazırda masa üzərində vəziyyətin nizamlanmasının tam sərfəli, “Vaqner” şirkətinin döyüşçülərinin təhlükəsizliyinə təminat verən variant var”, - deyə bildirilib.
Y.Priqojin dəstələrini geri çevirərək yenidən öz düşərgələrinə qaytardığını deyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək.
“Ona qarşı cinayət işinə xitam veriləcək və özü də Belarusa gedəcək”, - deyə Peskov qeyd edib.
Kreml sözçüsü onu da deyib ki, insident Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ının gedişinə heç bir təsir göstərməyəcək və davam edəcək.
Bundan əvvəl Priqojinə qarşı silahlı üsyan təşkiletmə faktı ilə bağlı cinayət işi açılmışdı.
Qeyd edək ki, "Vaqner" muzdluları dünən Rusiyada hərbi qiyam qaldırmışdı. Prezident Vladimir Putin isə xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırmışdı. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirmişdi. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirmiş, daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün geri çəkildiyini bəyan etmişdi.