Gəncə terrorundan 2 il ötür
Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.
Azlist.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb.
XİN rəsmisi bildirib ki, hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb: “Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.
Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı bəyanatda isə deyilir ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınmışdır.
"Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür", - rəsmi xəbərdə deyilir.