Kəlbəcərdə erməni diversant YAXALANDI
Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
İlkin araşdırmalara görə, saxlanılan diversant 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviçdir.
Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.
Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da saat 11 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşıdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük nəzarətindən kənar keçməklə ölkəmizdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycanın ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.