“Qırmızı Xaç”ın maşınları Ağdam yolu ilə Xankəndiyə yük APARDI
Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.
Azlist.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Bu gün BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır”, - deyə Ayxan Hacızadə qeyd edib.
***
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub.
BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.
***
Sentyabrın 18-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən Xankəndi istiqamətinə BQXK-ya məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi də təmin olunub.
Keçid səhər saatlarında gerçəkləşib. İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib.
Qeyd edək ki, ğtən gün BQXK Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.