Rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda GÖRÜŞDÜLƏR
Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.
Azlist.az xəbər verir ki, rəsmi Bakını görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edib.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.
Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir.
"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib.
"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib.