Qarabağ Zəfərinin MÖHÜRÜ
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) üç gün geridə qaldı.
196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirə gələnlər arasında 80 prezident, vitse-prezident və baş nazir də var.
Üç gündür dünyanın diqqəti Bakıya yönəlib, obrazlı ifadə etsək, dünyanın nəbzi Bakıdan vurur. 2024-cü ilin ən səs-küylü tədbiri Azərbaycan paytaxtından yayımlanır... Üç gündür dünya Bakıdan danışır. Aparıcı media quruluşlarının xəbərlərində Bakının, Azərbaycanın adı çəkilir.
Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin COP29-u boykot kampaniyası isə iflasa uğrayıb...
Bakı daha bir dünya miqyaslı tədbirə evsahibliyi etməklə təşkilatçılıq bacarığını ortaya qoydu. BMT-nin bu ali tədbirini yüksək səviyyədə təşkil edən Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmləndi...
Bu cür qlobal tədbirə evsahibliyi etmək sizə asan gəlməsin. Xüsusilə də, ərazisinin 20 faizini yenicə işğalçılardan təmizləyən, Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-tikinti-quruculuq işləri aparan, geopolitik savaşın içində olan dövlət üçün...
Azərbaycan 30 il əvvəlki statusundan çox irəlidədir.
30 il öncə Qarabağ müharibəsini uduzmuş, 1 milyondan artıq qaçqın-köçkün problemilə üzləşmiş bir dövlət vardı, hansı ki haqq səsi beynəlxalq miqyasda eşidilmirdi... Daha doğrusu, bu səsi eşitmək istəmirdilər...
30 il əvvəl Azərbaycana məğlub, Ermənistana qalib dövlət statusunda baxırdılar...
30 il Azərbaycanla yüksək tonda danışılır, Ermənistanın xeyrinə güzəştlərə məcbur etmək istəyirdilər. 30 il bizə özlərinin yaratdığı "yeni reallıqlar"la hesablaşmağı məsləhət görürdülər.
30 il Azərbaycana “sülh danışıqları” çərçivəsində qəbul edə bilməyəcəyi şərtlər diqtə olunurdu.
Amma Azərbaycan səbrlə dözdü, heç bir təsir və təzyiq qarşısında geri çəkilmədi, qətiyyətli və prinsipial mövqeyindən dönmədi, özünün strateji və taktiki planlarıyla hərəkət etdi...
İnkişaf yolunda irəlilədi, müstəqil siyasət yürütdü, dövlətçiliyini möhkəmlətdi, Ordusunu qurdu, iqtisadiyyatını gücləndirdi, diplomatiyada çətin qələbələr qazandı...
Bütün bunlar isə bəhrəsini verməyə bilməzdi... Azərbaycan tədricən dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşuldu, ona etimad artdı... Sonra beynəlxalq tədbirlərə evsahibliyi etdi... 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, ardınca Formula 1 yarışına...
30 ildən sonra Azərbaycan öz statusunu dəyişdirdi... Məğlub dövlətdən qalib dövlətə... Ərazi bütövlüyünü, dövlət suverenliyini bərqərar etdi, separatçılığa son qoydu... 200 ildən bəri davam edən “erməni problemi”ni kökündən həll etdi.
30 ildən sonra Azərbaycan həmişəlik Qarabağa, Şərqi Zəngəzura qayıtdı... Zəngilanda “ağıllı kənd” salındı, Şuşada azan səsi eşidildi, Füzulidə beynəlxalq aeroport tikildi, Xocalı bərpa edildi, Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı, Cəbrayıla köç oldu, Laçın MDB-nin mədəniyyət paytaxtı elan edildi, Kəlbəcərdə “İstisu” zavodu açıldı, Ağdamda məscid bərpa olundu, Qubadlıda, Xocavənddə, Ağdərədə yenidənqurma başlandı...
44 günlük müharibədəki Qələbədən sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar da Azərbaycanla birmənalı olaraq hesablaşır, Bakının rəyləri nəzərə alınır.
30 ildən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycanın yaratdığı bu reallıqları dünyanın əsas güc mərkəzləri də qəbul edir.
İndi Azərbaycan strateji layihələrin açar dövləti statusundadır...
200 ölkənin yekdil qərarı ilə COP29 kimi böyük və mötəbər konfransa evsahibliyi də Bakıya etibar edilib... Bununla həm də Qarabağda qazanılan qələbəyə möhür vurulub desək, yəqin ki, səhv etmərik...
İndi Azərbaycanın beynəlxalq geosiyasi müstəvidə oynadığı rol dünyanın diqqətini çəkir və bu, danılmaz gerçəklikdir...
30 ildən sonra Azərbaycan beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri sala biləcək dövlət statusuna gəlib...
Bu günü biz 30 ildən çox gözləmişdik. Əmin idik və inanırdıq ki, Azərbaycan üçün bu gün gələcək...
Əfqan Qafarlı