Ermənilərin ad-soyad oğurluğu - ARAŞDIRMA
Kim Kardaşyan, Ruben Gülümsəryan, Robert Əmirxanyan, Nona Qaraqaşyan, Albert Ağacanyan, Qazaros Ağayan, Karen Dəmirçyan, Zori Balayan, Ararat Mirzoyan…
Siyahını istənilən qədər uzatmaq olar... Bu tanınmış ermənilərin soyadlarına diqqətlə fikir verin, hamısı Azərbaycan sözləridir. Axırına “-yan” sonluğu artırılmış belə erməni soyadları yüzlərlədir...
Və ya Seyran Ohanyan, Cəlal Arutunyan, Şuşan Stepanyan, Aslan Karamyan... Burda da adlar fərqlidir, əsl erməni sözləri deyil, bizim sözlərdir.
Bəs bu sözlər ermənilərin dilinə necə, nə vaxt keçib?
Mövzu ilə bağlı araşdırma aparmışıq.
Tarixən özlərini “haylar” adlandıran ermənilərin yüzilliklər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb. Bu mənfur xalq – haylar vaxtilə Cənubi Qafqaza yerləşəndən sonra "Böyük Ermənistan" mifik xülyasını reallaşdırmaq üçün tədricən həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar.
Bu cür oğurluqları ilə saxta tarix formalaşdırmaq onlarda bir “ənənə”yə çevrilib. Faktlar göstərir ki, erməni dili hibrid (calaq) dil olduğu kimi, bu millətin özü də hibriddir, yekcins deyil.
Erməni xalqı-haylar özünə mədəniyyət yaratmaq üçün zaman-zaman coğrafi yer adlarımızı, dastan, bayatı, atalar sözlərimizi, nağıl və lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı və rəqslərimizi, adət-ənənələrimizi mənimsəməyə, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərininkiləşdirməyə səy göstəriblər.
Qafqazın erməniləşdirilməsi prosesi zamanı ermənilər azərbaycanlılara məxsus şəxs adlarını da hədəf seçib və onları zaman-zaman yeni doğulan övladlarına verib, soyad düzəldiblər...
Araşdırmalara görə, ermənilərin ad oğurluğu prosesi XV əsrdən başlayıb, XVII-XVIII əsrlərdə xüsusilə güclənib.
Dahi rus şairi Aleksandr Puşkin ermənilər barədə nahaq yerə deməyib: “Sən oğrusan, sən qorxaqsan, sən ermənisən!”.
Dilçi alim, deputat Nizami Cəfərov deyir ki, təxminən orta əsrlərdən türklərin nüfuzu tarixən yaşadıqları ərazilərdə güclənməyə başlayandan sonra ermənilər türklərin təsiri altına düşüblər.
“Təxminən XVI əsrdən XX əsrə qədər 300-ə qədər erməni aşığı Azərbaycan dilində şeir qoşub, dastan yaradıb. Yəni bunlar hamısı ermənilərin ümumi türk mədəniyyətinin, xüsusən də Qafqaz türklərinin təsiri altında olmağı ilə bağlıdır”, - deyə N.Cəfərov qeyd edib.
Türklərin ermənilərə təsirinin həddindən artıq dərin olduğunu deyən N.Cəfərovun sözlərinə görə, bu təsir sadəcə soyadlarda və adlarda deyil, eyni zamanda ermənilərin ədəbiyyatında, mədəniyyətində, düşüncəsində də müşahidə olunub.
Türk mədəniyyəti vaxtilə bütün erməni təfəkkürünə, ad sisteminə təsir edib.
N.Cəfərovun sözlərinə görə Dəlləkyan, Dəmirçyan, Babayan, Balayan soyadlarının kökü mənşəcə türk sözləridir. Ancaq məsələn, Mirzoyan, Əmiryan ərəb mənşəli sözdür. Amma bu sözlər də ərəb mənşəli olmasına baxmayaraq, erməni dilinə azərbaycanlılar vasitəsilə keçib.
“Ermənilər bunu gedib ərəblərdən götürməyiblər, bizə ərəblərdən keçib, bizdən də ermənilər götürüb. Deyək ki, “Allah” sözü ərəbcədir, “verdi” türkcədir. “Allahverdi” türk-Azərbaycan mühitində yetişmiş addır. Burdan da keçib erməni familiyasına. İndi onlarda Allaverdyan soyadları var”.
N.Cəfərovun sözlərinə görə, qədim ermənilərdə bu cür adlar olmayıb:
“Ermənilərdə Allahverdi, Köçəri, Dəmirçi adlarının olması faktlarına o qədər də çox təsadüf olunmur. Mənə elə gəlir ki, bu adlar çox az qoyulub, amma soyadlar Azərbaycan türklərindən götürülüb”.
Belə təcrübə var: yəni dədənin, babanın adını soyad kimi götürmürsən, əvəzində özünə başqa soyad forması qəbul edirsən. Ermənilər də məhz bu cür ediblər...
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov deyir ki, ermənilərin tarixən stabil bir əraziləri olmadığına görə onlar müxtəlif xalqların arasında yaşayıb və məskunlaşdıqları bölgədə digər xalqların bütün ənənələrini mənimsəyiblər. Adlar da bu sırada xüsusilə qeyd olunmalıdır.
“Ermənilər türk xalqları arasında yaşadıqlarından türk adlarını götürüblər və həmin adlar tədricən gələcəkdə soyad daşıyıcılarına çevrilib. Ermənilərin nəyi var ki, sahib olduqları hər şey başqa xalqlardan mənimsənilib”-deyə K.İmanov bildirib.
Agentlik sədri deyir ki, tarix boyu intellekt oğurluğu ilə məşğul olan düşmənlərimiz keçmişdə də oğurlayıblar, indi də oğurlayırlar, çox guman ki, gələcəkdə də oğurlayacaqlar...
Elə məşhur erməni tarxçiləri, şairləri, alimləri, tənqidçiləri arasında da Azərbaycan türklərindən sözlərin, adların mənimsənilməsinə dair etiraf edənlər var. Məsələn, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyan özünün “Ermənistanın yaraları” adlı romanında çoxlu etiraflar edib. O yazır:
“Türkcə (Azərbaycan dili) bizim dilə o qədər daxil olub ki, bizdə bəzi mahnılar, şeirlər, atalar sözləri türkcə (azərbaycanca) səslənir...
...bizim xalq çoxlu türk sözləri öyrənib və bu günədək onları işlədir...”.
Erməni tənqidçisi və filosofu M.Nalbandyan “Qədim şeirlər və nəğmələr barədə” adlı əsərində qeyd edib: “...nəğmələrin çoxunu biz azərbaycanlılardan götürmüşük...”.
Ermənistan Elmlər Akademiyasınn akademiki Terteryan özünün “Abovyanın yaradıcılığı” adlı əsərində yazıb: “...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və zərb məsəllərinə müraciət ediblər”.
Erməni yazılı mənbələrindəki yüzlərlə belə etirafı misal göstərmək olar.
Tarixçi alim, professor Qiyasəddin Qeybullayevin "Qədim Türklər və Ermənistan" adlı əsərində ermənilərin daşıdığı türk mənşəli şəxs adlarına daha geniş şəkildə toxunulub. Alim yazır ki, ermənilərdə qədim alman, yəhudi, yunan, fars, latın, ərəb və türk mənşəli şəxs adlarının dəyişilmuş formaları üstünlük təşkil edir. Ermənilər zaman-zaman sadalanan xalqların şəxs adlarını mənimsəyərək onları təhrif edib, erməniləşdirib, kitablara müasir erməni dilinin fonetikasına uyğun surətdə yazıblar.
Məsələn, ərəb mənşəli Əsəd adından Aşot, Bağdad adından Baqrat, yəhudi mənşəli Yakov adından Hakop, yunan mənşəli Andros adından isə Andronik ismi düzəldiblər.
Erməni adları sırasında türk mənşəli sözlər xüsusilə əsas yer tutur. Həmin adlar indiki Ermənistan ərazisində yaşamış türkdilli əhalidən mənimsənilib.
Q.Qeybullayev bildirir ki, bugünkü ermənilər arasında qədim türk mənşəli alban adları xüsusilə geniş yayılıb.
Alim əsərində qeyd edir ki, erməni tarixçilər illər boyu öz xalqına alban adlarını təlqin ediblər. Nəticədə alban adlarının ermənilər içərisində geniş yayılmasına nail olublar.
“Minilliklər boyu başqa xalqların və onlara məxsus sülalələrin, əsasən, türklərin hökmranlığı altında yaşamaları nəticəsində ermənilərdə buqələmun kimi müxtəlif şəraitə və etnik mühitə empirik uyğunlaşma bacarığı formalaşıb”, - deyə tarixçi yazır.
“Bu uğunlaşmanın bir cəhəti, məskun olduğu ölkənin hakim etnosunun hakimiyyəti altında yaşadığına görə, özünü onların adlarını götürmələrində göstərir. Müasir Avropanın müxtəlif ölkələrində yaşayan ermənilərin də həmin xalqlara məxsus adları daşımaları və oğlanlarını yerlilərin qızları ilə evləndirməyə səy etmələri onların şəraitə uyğunlaşmaq məcburiyyəti ilə əlaqədardır”.
Q.Qeybullayev qeyd edir ki, ermənilərin daşıdıqları türk mənşəli adları üç qrupa ayırmaq olar:
- türk mənşəli qədim albanlardan götürülən adlar;
- Azərbaycan dilinə aid təmiz türk mənşəli adlar;
- azərbaycanlılardan hazır şəkildə götürdükləri, soydaşlarımızın daşıdıqları ərəb-fars mənşəli adlar (bu adların bəziləri bizə İslam dini ilə gəlib).
Məsələn, onlar Azərbaycan dilinə aid təmiz türk mənşəli ata, ağa, bala, qara, igid, sarı sözlərinə “-yan” şəkilçisi əlavə etməklə Atayan, Ağayan, Balayan, Karayan, İgidyan, Saryan soyadları yaradıblar.
Bura Azərbaycan dilindən götürülmüş bərbər, qəssab, daşçı, dəmirçi, dəllək, dərzi, zərgər, nalbənd, nəccar, ciyər sözlərindən yaranmış Bərbəryan, Kasabyan, Taşçyan, Dəmirçyan, Dəlləkyan, Terzyan, Zərgəryan, Nalbandyan, Naçaryan, Ciqarxanyan soyadları da aiddir.
“Azərbaycanlıların daşıdıqları ərəb-fars mənşəli Allahverdi, Aslan, Qaragöz, Qoçər, Barxudar, Eyvaz, Əmirxan, Əlixan, Məlik, Murad, Mirzə, Zöhrab, Kərəm, Tuman, Şahverdi, Şahnəzər adlarından ermənilərdə Alaverdyan, Aslanyan, Qaragözyan, Koçaryan, Barxudaryan, Avazyan, Əmirxanyan, Əlixanyan, Melikyan, Mirzoyan, Muradyan, Zohrabyan, Karamyan, Tumanyan, Şahverdyan, Şahnazaryan familiyaları yaranmışdır.
Ermənilərdə hətta "Kitabi-Dədə Qorqud” eposundakı Qorqud adından Korkotyan familiyası da vardır”,-deyə tarixçi Q.Qeybullayev yazır.
Alim qeyd edir: “Ermənistan ərazisində erməni mənşəli qədim toponimlər - mahal və əyalət adları olmadığı kimi, erməni dilində yaranmış şəxs adları da cüzidir: Xristian dini vasitəsilə keçən, eləcə də yunanlardan və farslardan götürdükləri adlar nəzərə alınmazsa, onlar tarix boyu alban və ərəb mənşəli Azərbaycan-türk adları daşıyıblar”.
Ermənilər Azərbaycan adlarını daşıyırlar, amma azərbaycanlıları həmişə türk olduqlarına görə düşmən sayırlar.
Erməni tədqiqatçılar isə həmişə müxtəlif mənbələrdə utanmadan bu adların onlara məxsus olduğunu iddia edirlər.
Amma ermənilər nə qədər danmağa çalışsalar da, Cənubi Qafqaza gəlmə xüsusiyyəti onlarda özünü hər zaman biruzə verib.
Bəzən sosial şəbəkələrin erməni seqmentində bu mövzuda müzakirələrə rast gəlinir. Facebook-dakı belə müzakirələrin birində istifadəçi Gevond Saqatelyan yazır:
“Qarabağda neçə-neçə Cəlal tanıyıram ki, onlardan 2-si Vəng kəndində yaşayır. Bundan başqa, Qarabağda Baba, Fəridə, Gülzar, Rövşən, Əlixan adları daşıyan ermənilər də yaşayır”.
Nune Ariyan adlı digər sosial şəbəkə istifadəçisi Qarabağdakı ermənilər arasında müsəlman adlarının yayğın olmasının səbəbini belə izah edib:
“Erməni ailələrində uşaq ölümləri tez-tez baş verəndə, xristian ölüm mələyini aldatmaq üçün yeni doğulan körpəyə müsəlman adı qoyurdular. Mənim xalamın adı Leyla idi. O, 5 qardaş-bacısının ölümündən sonra doğulmuşdu”.
Boris Mirzoyan adlı istifadəçi isə müzakirələr zamanı öz soydaşlarını vətənpərvər olmamaqda, erməniləri müsəlman adları ilə yanaşı, Con, Hamlet, Henrix, Artur və Robert kimi Qərb adlarını da geniş istifadə etməkdə suçlayıb.
Bəzi məlumatlara görə, Qarabağ separatçılarının keçmiş rəhbəri Bako Saakyanın əsl adı Bahadır olub. Deyirlər ki, özündən öncə onun bir neçə qardaş-bacısı doğulsa da, dünyaya gələn körpələr ölürmüş. Bako doğulanda – 1960-cı ildə - valideynləri qərara alırlar ki, ona erməni deyil, müsəlman adı qoysunlar ki, bəlkə Allahın rəhmi gələ... Belə də edirlər. Yenicə doğulan dığaya (ermənicə oğlan uşağı-red.) Bahadır adı qoyulur. Bahadır özündən əvvəl doğulan qardaş-bacısından fərqli olaraq sağ qalır, iməkləyir, ayaq tutub yeriyir. Sonradan Bahadır tədricən Bakoya çevrilir.
“Bir çox hallarda dünya saxtakarlıq və oğurluqlara inanıb. Təəssüf ki, beynəlxalq ictimaiyət hələ də Azərbaycanın bir sıra folklor nümunələrini ermənilərin əqli mülkiyyəti kimi tanıyır”, - deyə Azərbaycanda fəaliyyət göstərən “Əqli mülkiyyətçilərə kömək” İctimai Birliyindən bildirilib.
İctimai Birliyin məlumatına görə, bədnam qonşuların mədəni irsimzlə bağlı oğurluğu heç vaxt sərhəd tanımayıb və mənimsəmə, özününküləşdirmə siyasəti bu gün də sürür, ermənilər fürsət düşdükcə xarici mətbuatda qondarma və absurd iddialarla çıxışlar edirlər.
Uzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folklorunu araşdıran tədqiqatçı alim, deputat Əziz Ələkbərli də məhz bu mövzuda ayrıca kitab yazıb. "Türkmənşəli erməni soyadları" kitabında Ə.Ələkbərli 1001 erməni soyadını araşdırıb, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətlərini tədqiq edib.
Tədqiqatçı yüzillərdən bəridir alimləri düşündürən “Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt tarix səhnəsinə qədəm qoyublar, Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər, necə olub ki, bütün dünyaya səpələniblər” kimi suallara cavab verməyə çalışıb.
“Söhbət normal bir etnik toplumdan, xalqdan, millətdən getmir, dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini erməni yox, hay adlandıran, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına hayrik, vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən, etnik cəhətdən çox mürəkkəb, qarışıq və qeyri-yekcins bir toplumdan gedir”,-deyə qeyd edən Ə.Ələkbərli bildirir ki, ermənilər lap qədim dövrlərdən üzü bəri qəbilələrin, tayfaların, xalqların oyuncağı olublar, indi də böyük dövlətlərin və millətlərin əl ağacından, dirijor çubuğundan başqa bir şey deyilllər.
Tədqiqatçı kitabında türkmənşəli erməni soyadlarının necə erməniləşdirildiyini ətraflı izah etməklə hayları fakt qarşısında qoyub.
Mövzu ermənilərdisə, onda alman faşistlərinin liderlərindən olmuş Yozef Göbbelsin bir fikri də yada düşür: “Yalanı daha çox deyin, o zaman inanacaqlar”. Göbbels bu prinsipi sanki ermənilər üçün səsləndirib və həmin ifadəni hayların “vizit kartı” da adlandırmaq olar.
Əfqan Qafarlı