Mədəni irsimizə təcavüz - erməni ənənəsi: “Gəldim, gördüm, mənimsədim...”
Qədim dövlətçilik tarixi olan Azərbaycan maddi və qeyri-maddi mədəni irsi ilə dünya mədəniyyətinə öz töfhəsini verib. Azərbaycan milli musiqisinin təməli olan muğamın bütün bəşəriyyətin mədəni irsi sayılması, “İçərişəhər” qalasının, “Şirvanşahlar Sarayı” kompleksinin, Qobustan abidələrinin, Azərbaycan sazının, Novruz bayramının YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi, qədim folklor ənənələrimizin, ümumbəşəri dəyərlər sırasına düşməsi bunun bariz nümunəsidir.
Dünyanın Azərbaycan mədəniyyət nümunələrini tanıması, onların ümumbəşəri miqyasda təbliği Cənubi Qafqaza gəlmə etnos olan erməniləri hələ çoxdan narahat edir...
Cənubi Qafqaza gəlib, görüb, oğurlayıblar...
Bu narahatlıqdan heç vaxt qurtulmayan ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb. Cənubi Qafqaza yerləşdiriləndən sonra "Böyük Ermənistan" mifik xülyasını reallaşdırmaq üçün ermənilər daim həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli - mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çaılışıblar.
Beləliklə də ermənilərin intellektual və mədəniyyət dəyərlərinə dair oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları onlarda bir ənənəyə çevrilib.
Bu xalq özünə mədəniyyət yaratmaq üçün zaman-zaman coğrafi yer adlarımızı, adam adlarımızı, dastan, bayatı, atalar sözləri, nağıl və lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı və rəqslərimizi, adət-ənənələrimizi mənimsəyib, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərinə çıxıblar.
Bunu "sübut" etmək üçün isə uydurmalar, absurd iddialr irəli sürüblər. Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər zaman-zaman erməni transkripsiyasına çevrilib, maddi daşıyıcılara köçürülüb və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan «qədim erməni əsərləri» kimi çıxarılıb, daha çox xarıcı dillərə tərcümə edilərək yayılıb. Bir sözlə erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi həyata keçirilib, bu “ənənə” indi də davam etdirilməkdədir.
Erməni etirafları
Araşdırmalar göstərir ki, məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin özləri də Azərbaycan xalqının maddi və qeyri-maddi irsinin mənimsənilməsini ayrı-ayrı mənbələrdə etiraf ediblər.
Məsələn, erməni ədəbiyyatının məşhur yazıçısı Xaçatur Abovyan özünün “Ermənistanın yaraları” adlı romanında çoxlu etiraflar edib. Onlardan bir misal göstərək: “Azərbaycan dili bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri azərbaycanca səslənir...”.
Erməni tənqidçisi və filosofu M.Nalbandyan “Qədim şeirlər və nəğmələr barədə” əsərində qeyd edib: “...nəğmələrin çoxunu biz azərbaycanlılardan götürmüşük...”.
Ermənistan Elmlər Akademiyasınn akademiki Terteryan özünün «Abovyanın yaradıcılığı»nda yazıb: «...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və zərb məsəllərinə müraciət etmişlər».
Erməni yazılı mənbələrindəki yüzlərlə belə etirafdan misallar göstərmək olar.
Beynəlxalq ictimaiyyət hələ xəbərsizdir
“Beynəlxalq ictimaiyyət ermənilərin əqli mülkiyyət oğurluğundan xəbərsizdir, bir çox hallarda dünya saxtakarlıq və oğurluqlara inanıb. Təəsüf ki, dünya ictimaiyəti hələ də Azərbaycanın bir sıra folklor nümunələrini ermənilərin əqli mülkiyyəti kimi tanıyır”-deyə “Əqli mülkiyyətçilərə kömək” İctimai Birliyindən bildirilib. İctimai Birliyin məlumatına görə, bədman qonşuların əqli mülkiyyət oğurluğu o çatıb ki, onlar hətta görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaca məşhur «Arşın mal alan» əsərinə, memar Əcəmi Naxçıvaninin «Möminə Xatun» türbəsinə, Azərbaycan ərazisindəki qədim yaşayış məskəni olan Azıx mağarasına, Qobustan və Gəmiqaya daş təsvirlərinə, hətta «Dədə Qorqud» dastanına belə əl uzadıblar, xarici mətbuatda qondarma və absurd iddialarla çıxışlar ediblər.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində toplanan faktlar göstərir ki, folklorumuz erməni plagiatlığına ən çox məruz qalan Azərbaycanın mədəniyyət nümunələridir.
Azıx mağarasında ibtidai insan - «azıxantrop»un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtiçan adlı erməni bütün bunları erməni mədəniyyətinin kökləri elan edib, «sübutu» isə ondan ibarətdir ki, erməni dilində «turş üzüm» «azox» kimi səslənir və bu səbəbdən də ibtidai insan «azıxantrop» deyil, «azoxantrop» adlandırılmalıdır.
Ermənilər 1993-cü ildə Azərbaycanın Füzuli rayonunu işğal etdikdən sonra bu ərazidə yerləşən qədim Azıx mağarasında qazıntılara başlamışdılar.
Onlar 2020-ci ilə kimi işğal altında saxladıqları Ağdam ərazisini qazırdılar, tarixdə heç vaxt mövcud olmayan “Tiqranakert” adlı şəhərin guya qalıqlarını axtarırdılar.
Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov deyir ki, ermənilər mətbəx nümunələrimizə də həmişə “əl uzadəblar”, məsələn, dolma, aş kimi xörəklərimizi öz adlarına çıxmağa cəhd edirlər. Onlar Avropa Birliyi tərəfindən nəşr olunan “Avropanın kulinariya mədəniyyəti” kitabında bəzi Azərbaycan xörək reseptlərinin “Ermənistan mətbəxi” adlı hissəyə daxil edilməsinə nail olublar. Kitabda Azərbaycan ənənələri də erməni kulinariyası kimi təqdim edilib. Bununla da Avropa oxucuları aldadılıb.
Tahir Əmiraslanov deyir ki, o, kitabın naşirlərinə açıq məktub yazaraq tarixdən faktlar gətirib, ermənilərin təqdim etdiyi xörəklərin azərbaycanlılara və Ermənistana qonşu olan digər xalqlara məxsus olduğunu bildirın dəllilərlə çıxış edib. Tələb edib ki, tarixi faktlara söykənərək səhvlər düzəldilsin.