Daha 15 azərbaycanlı Suriyadan gətirildi
2022-ci ilin 6 oktyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Azlist.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. İlk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 2022-ci ilin 6 oktyabr tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcəkdir.
Qeyd etmək istərdik ki, indiyə qədər İraq Respublikasında 290, Suriya Ərəb Respublikasından 103 olmaqla, toplam 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində Suriya Ərəb Respublikasının ərazisində olan digər Azərbaycan Respublikası vətəndaşlarının mərhələli şəkildə repatriasiyası üçün zəruri tədbirləri davam etdirir.