Yazar

Müsəlman və katolik düşməni Amerika: öz gözündə tiri görmür

Müsəlman və katolik düşməni Amerika: öz gözündə tiri görmür
8Yanvar 202419:28

Özünü dünyanın ağası qismində bəşəriyyətə sırımağa çalışan Amerika hakim rolunda çıxış etməyi çox sevir. Başqa dövlətlərə ağıl öyrədir, onların “düzgün yaşaması üçün” standartlar müəyyən edir. Bəh-bəhlə təbliğ etdikləri “Amerika dəyərlərini” başqa ölkələrə sırımağa çalışır…

Nəticə də ortadadır. Bütün dünyada Amerikaya nifrət edirlər. Özü də təkcə müsəlman ölkələri yox. Elə Avropada da biz bunu aydın şəkildə görə bilərik. Niyə avropalılar Amerikaya nifrət edirlər? Çünki onlar başa düşürlər ki, bəşəriyyətin üzləşdiyi əksər problemlərin arxasında Amerikanın imperialist maraqları dayanır. Məhz bu imperialist maraqlar Yer adlı Mavi Planeti qan çanağına döndərib. Amerika sözün həqiqi mənasında terrorçu dövlət qismində çıxış edir. O da təsadüfi deyil ki, “Taliban” və “Əl-Qaidə” də daxil olmaqla, dünyanın ən amansız terror təşkilatları Amerikanın kəşfiyyat mərkəzlərində yaradılıb.

Son vaxtlar Amerika daha da həyasızlaşıb. Səbəb də bəllidir. Amerika sürətlə bir çox müstəvilərdə, xüsusən iqtisadiyyatda Çinə böyük hesabla uduzur. 2030-cu ildə Amerikanın dünyanın birinci iqtisadi gücü olacağına şübhə edənlərin sayı getdikcə çoxalır…

Düşünün ki, belə bir ölkənin dövlət katibi Entoni Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırıb. Əlimi vicdanımın üzərinə qoyub əminliklə deyə bilərəm ki, Azərbaycan dini baxımdan Amerikadan ən azı yüz dəfə tolerant ölkədir.

O da sirr deyil ki, Qərb mətbuatında Azərbaycanın dini baxımdan tolerant olması haqqında dönə-dönə yazılıb. Dəqiq yadımdadır. Bir yəhudi Bakıdan Amerikaya döndükdən sonra yerli mətbuatda çıxış etmişdi. O, heyrətini ifadə edərək belə yazmışdı ki, mən azad Amerikada yəhudi milli geyimində küçəyə çıxmağa qorxuram. Azərbaycanda isə yəhudilər milli paltarda sərbəst şəkildə paytaxtın mərkəzində gəzib dolanırlar…

Yaxşı, Amerika nədən belə bir iddiada bulunur. Dedikləri odur ki, 100 xristian erməni antiterror tədbirlərindən sonra Qarabağı tərk edib. Amerika onu da buyurur ki, Azərbaycan ermənilərə qarşı “etnik təmizləmə siyasəti” aparıb…

Birinci Qarabağ müharibəsi zamanı ermənilər öncə Qarabağdan, daha sonra isə 7 rayondan yerli azərbaycanlıları silah gücünə qovdular. Xocalıda isə genosid siyasəti həyata keçirdilər. O vaxt ABŞ Ermənistanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” elan etdimi? Etmədi. Ermənistanın Azərbaycan ərazisində “etnik təmizləmə siyasəti” apardığını dilə gətirdimi? Gətirmədi. Əksinə, ən həyasız formada Azərbaycan torpaqlarını işğal edən ermənilərə arxa-dayaq durdular. Həyasızlıq o həddə çatdı ki, erməni işğalının ən qızğın vaxtında – 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul olundu. Bu düzəliş erməni lobbisinin təşəbbüsü ilə ortaya çıxdı. Yəni erməni lobbisi konqresmenləri pulla satın aldı, onlar da ermənilərin xeyrinə torpağı işğal olunan, vətəndaşları dədə-baba yurdundan qovulan Azərbaycanın əleyhinə belə bir yaramazlığa imza atdılar. Həmin o düzəlişin əsas müəlliflərindən biri isə Amerikanın hazırkı prezidenti Co Baydendir.

Amerika Azərbaycanla yanaşı, bir çox ölkələri dini dözümsüzlükdə ittiham edir. Bir çox Qərb ölkəsində dünyada yaşayan 2 milyard müsəlmanın müqəddəs bildiyi Quranı nümayişkəranə şəkildə yandırırlar. İslam dünyasının sevimli peyğəmbərinin təhqiramiz xarakter daşıyan karikaturasını yayırlar. Qərbdə İslama qarşı aqressiv çağırışlar səslənir. Nədən bu siyahıda Qərb ölkələrinin adı yoxdur?

Yaxşı, bəs Ermənistanda vəziyyət necədir?

Statistikaya görə, Ermənistan əhalisinin 99.9 faizi ermənidir. Ermənilər bütün dünyada yaşayırlar, ancaq öz ölkələrində başqa xalqların yaşamasına imkan vermirlər. Ermənistanda cəmi 1 ədəd sinaqoq var. Bu yaxınlarda həmin sinaqoqa hücum oldu və məbədə od vurmağa cəhd göstərdilər. Kim idi onlar? ASALA terror təşkilatı? Tarixdən o da bəllidir ki, Amerikanın xüsusi simpatiya bəslədiyi ermənilər indiyə qədər 13 terror təşkilatı yaradıb. Ancaq bu, Amerikanın heç vecinə də deyil…

Cənab Blinken buyurur ki, filan-filan ölkələr dini baxımdan tolerant deyil. Amerikanın belə bir söz deməyə mənəvi haqqı varmı? Yəni Amerika dini baxımdan bu qədərmi tolerant ölkədir?

Son illərə nəzər salaq:

2008-ci ilin fevralında Kolumbiyadakı İslam Mərkəzi sağçı ekstremist Xristian Kimliyi dini qrupu tərəfindən Molotov kokteyli ilə hücuma məruz qaldı.

Texas ştatının Hyuston şəhərindəki Quba İslam İnstitutu 2015-ci il fevralın 13-də səhər saat 5-də yandırıldı. Amerika mediası bunu islamofob hücum kimi dəyərləndirdi.

2016-cı ilin sentyabrında Pirs, Floridada növbəti məscidə od vuruldu.

2019-cu ilin mart ayında bir kişi Eskondidodakı məscidi yandırdı…

Amerikada islamafobiya son dərəcə güclüdür. Ən maraqlısı odur ki, Amerika əhalisinin cəmi 0.9 faizi müsəlmandır. Yəni nəzəri baxımdan belə, müsəlmanlar Amerikaya elə bir təhlükə törədə bilməzlər.

Donald Tramp administrasiyasında anti-islam çıxışları ilə tanınan siyasətçilər ön plana çıxmışdı. Onlar belə bir təbliğat aparırdılar ki, İslam din deyil, son dərəcə təhlükəli siyasi ideologiyadır…

Kaliforniya Berkli Universiteti və Amerika-İslam Münasibətləri Şurasının hesabatına görə, 2008-ci ildən ABŞ-da əsas məqsədi “İslam və müsəlmanlara qarşı qərəz və nifrət yaratmaq” olan 33 qrupa 206 milyon dollar maliyyə ayrılıb. 2013-cü ildə isə belə qrupların sayı 74-ə yüksəlib. Bu tendensiyanı araşdıranlar bu prosesi ironiya ilə “İslamofobiya sənayesi” (“Islamophobia industry”) adlandırılıb. Bu hesabla indi Amerikada İslama nifrət aşılayan nə qədər qrup var? Orasını özünüz təsəvvür etməyə çalışın…

“CNN” yazır ki, Amerikada müsəlmanlar haqqında daşlaşmış stereotiplər var. Məsələn, amerikalıların çoxu hesab edir ki, müsəlmanların hamısı ərəbdir. Halbuki ərəblər müsəlmanların cəmi 20 faizini təşkil edir. Amerikalılar ona da inanırlar ki, müsəlmanlar Qərbə şəriət qanunlarını ixrac etməkdə qərarlıdırlar…

Amerika mediası onu da vurğulayır ki, “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından sonra Amerikada islamofobiya pik həddə çatdı. Əbu-Qreyb və Quantanamo həbsxanaları, Amerika hərbçilərinin müsəlmanlara faşizmə məxsus ən barbar üsullarla işgəncə verməsi, onları seksual zorakılığa məruz qoyması isə fakt olaraq ortadadır. Ən pisi isə odur ki, heç bir Qərb təşkilatı və dövləti bu vəhşiliyə görə Amerikanı dilucu da olsa, ittiham etmədi. Buna qeyrətləri çatmadı…

Niyə Amerikada müsəlmanlar bu qədər azdır? Çünki Amerika müsəlmanların bu ölkəyə mühacirət etməsinə açıq və gizli yollarla həmişə süni maneələr yaradıb. Qonşu Kanadada isə vəziyyət xeyli fərqlidir. Belə ki, Kanada əhalisinin 5 faizi müsəlmandır…

Bəllidir ki, Amerika dünyada həm də yevangelist imperiya kimi tanınır. Yəni Amerika protestant ideologiyası üzərində dayanıb. Mahiyyətdə Amerika da İran kimi teokratik ölkədir. Amerikada nəinki əhalinin 0.9 faizi olan müsəlmanları, 0.7 faizi olan buddizmə və 0.7 faizi hinduizmə tapınanları sevmirlər. Hətta Amerikada katolik xristianları da sevmirlər. Təsadüfi deyil ki, indiyə qədər ABŞ-ın 46 prezidenti olub. Onlardan yalnız Con Kennedi və Co Bayden katolikdir.

1960-cı ildə Birləşmiş Ştatlarda prezidentliyə namizədliyini irəli sürdüyü kampaniyada Con Kennedi protestantların etirazı ilə qarşılaşdı. O vaxt Amerikada Roma Katolik Kilsəsinə qarşı qərəzli münasibət vardı, elə indi də münasibətlər xoş deyil. Bəzi protestantlar, o cümlədən Norman Vinsent Peale inanırdı ki, əgər Kennedi prezident seçilsə, o, Roma Papasının əmrlərini icra edəcək. Con Kennedi 12 sentyabr 1960-cı ildə Böyük Hyuston Nazirlər Assosiasiyasında məşhur fikrini belə ifadə etdi:

“Mən katoliklərin prezidentliyə namizədi deyiləm. Mən Demokratik Partiyanın prezidentliyə namizədiyəm, həm də katolikəm. Mən ictimai məsələlərdə məxsus olduğum katolik kilsəsinin adından danışmıram, kilsə də mənim adımdan danışa bilməz”.

O, kilsə ilə dövlətin ayrılmasına hörmətlə yanaşacağını və katolik məmurların ictimaiyyətə diktə etməsinə icazə verməyəcəyini vəd etdi. Kennedi amerikalıların dörddə birinin sadəcə katolik olduğuna görə ikinci dərəcəli vətəndaş sayılmasına da etiraz edib. Bu fakt Amerikanın dini tolerantlıqdan nə qədər uzaq olduğunu çılpaq şəkildə ortaya qoyur…

Maraqlıdır ki, həmin seçkidə Con Kennedi Riçard Niksona cəmi 0.1 faiz səs fərqi ilə qalib gəldi. Kennedi sonra terrorun güdazına getdi. 1969-cu ildə prezident seçilən Riçard Nikson isə hələ də istefa vermiş yeganə ABŞ prezidenti kimi tanınır.

O da faktdır ki, yevangelist (protestant) imperiya sayılan ABŞ-la Roma Katolik Kilsəsi arasında münasibətlər həmişə gərgin olub. Bu gərginliyin əsas səbəbi isə odur ki, Amerikada yevangelist katoliklərə yuxarıdan aşağı baxırlar. Bu münasibətin kökü 30 illik müharibəyə (1618-1648) gedib çıxır. O vaxt Avropada katoliklərlə protestantlar bir-birini qırıb. Nəticədə 8 milyona yaxın insan məhv edilib.

Düşünün ki, Amerikanın 335 milyon nəfər əhalisi var. Azərbaycanda isə cəmi 10 milyon insan yaşayır. Kiçik Azərbaycanda olan kilsələrin sayı o boyda Amerikada olan məscidlərin sayından dəfələrlə çoxdur. Bu kimi faktları Azərbaycanı ittiham edən Amerikanın gözünə soxmaq lazımdır…

ABŞ-da dini azlıqlar içərisində yalnız iudaizmə tapınanlar (musəvilik və ya yəhudilik) ciddi mövqelərə sahibdir. Onlar əhalinin 1.9 faizini təşkil etsə də, açar xarakterli vəzifələrdə yer tuturlar. Ancaq heç onların da vəziyyəti yaxşı deyil. Belə ki, son illərdə Amerikada antisemitizm getdikcə güclənir və ABŞ mətbuatı bu barədə həyəcan təbili çalır…

Təəssüf ki, hazırda Amerika dünyanın siyasi səhnəsində “Cümlə xəyanətlərə bais” olan İblis qismində çıxış edir. Amerika sivilizasiyanın başağrısına çevrilib…

Bəli, Amerika dünyanın ağası olmaq istəyir. Görəsən, “Ağası gülüm olanın, başına külüm olar” məsəlini ədabaz amerikalılara necə başa salmaq olar?

Elbəyi HƏSƏNLİ, SÜRİX

 

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi