Ərdoğan Türkiyəsi Qərbi heyrətdə QOYDU
Türkiyənin KAAN qırıcı uçağı “F-16 Block 70”, “Eurofighter Typhoon”, “Rafale” və hətta “F-35”dən xüsusən hava-hava döyüş qabiliyyətinə görə xeyli üstündür. Bu, təkcə Türkiyə müdafiə sənayesinin deyil, həm də Türkiyə diplomatiyasının zəfəridir.
Düşünün ki, Türkiyədən başqa bu texnologiya dünyanın yalnız 3 ölkəsində mövcuddur.
Bu məqama işarə edən Almaniyanın onlayın xəbər portalı “nex24.news” belə yazmışdı: “Bu gündən etibarən Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edə bilən və cəmi bir neçə ölkənin girişi olan dairəyə qoşulub”. Bu məlumatı Almaniya portalı bu ilin 21 fevralında yaymışdı. Məhz həmin gün KAAN ilk test uçuşunu həyata keçirmişdi, özü də son dərəcə uğurla.
Bəs söhbət hansı ölkələrdən və hansı qırıcılardan gedir?
“F-35” (ABŞ), “F-22” (ABŞ), “J-20” (Çin), “Su-57” (Rusiya), yəni bu tip qırıcılar baxımından ABŞ, Çin və Rusiyadan sonra Türkiyənin KAAN-ı gəlir.
Azərbaycan olaraq biz Türkiyə hərbi sənayesinin hansı hədəflərə vardığını təsəvvür belə edə bilmirik. Qardaş ölkə bu sahədə bizim xəyallarımızı belə geridə qoyub.
Bugünlərdə isə Türkiyə 1-ci turbofan reaktiv mühərrikini uğurla sınaqdan keçirdi. Türkiyənin “dailysabah.com” saytı bu barədə geniş məlumat yaydı. Bu nə deməkdir? Türkiyə KAAN qırıcı uçağı istehsal etməyi hədəfləyir. KAAN 5-ci nəsil qırıcılar sinfinə daxildir, yəni ABŞ-ın F-35-i kimi bir şeydir. Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi olan TF-X Kaan mühərrikə görə müəyyən çətinliklə üzləşmişdi. Uçağın mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanırdı. Artıq KAAN üçün gərəkən mühərrik real olaraq ortadadır. Bu isə o deməkdir ki, Türkiyə yaxın bir neçə ildə KAAN qırıcılarının kütləvi istehsalına başlayacaq. Ümumiyyətlə, son illərdə Türkiyə mühərrik istehsalında ciddi uğurlar əldə edib. Bu isə ona böyük hədəflərə doğru sürətlə irəliləmək imkanı verir. Təsadüfi deyil ki, Türkiyənin hərbi sənayesi intibah dövrünü yaşayır. 2022-ci ildə Türkiyənin hərbi ixracatı 4 milyard dolları keçmişdi...
Onu da deyim ki, fevralın 21-də sınağı uğurla başa çatan KAAN üçün “ABŞ-ın “GE Aerospace” şirkətinə məxsus “The General Electric F110” mühərriki istifadə olunub. F-16 qırıcıları da bu mühərrikdən istifadə edir. Ancaq növbəti mərhələdə Türkiyənin yuxarıda bəhs etdiyimiz yerli mütəhərriki KAAN-da öz yerini alacaq...
Türkiyə hərbi sənayesi sürətlə irəliləyir. KAAN-ın ortaya çıxması üçün Türkiyə milyardlarla dollar xərcləyib. Bəzi mənbələr söhbətin 20, hətta 50 milyard dollardan getdiyini yazır.
Düşünün ki, bir KAAN-ın satış qiyməti təxminən 100 milyon dollar olacaq. Onu da qeyd etmək lazımdır ki, KAAN layihəsində Azərbaycan da yer alır. Bəzi məlumatlara görə, KAAN 20 min hissədən ibarətdir. Həmin hissələrin bəziləri Azərbaycanda istehsal olunur. Azərbaycanda 200 mütəxəssis bu sahəyə cəlb olunub. Önəmli bir məqamı vurğulamaq gərəkir: Türkiyə hərbi sənayesi daxili imkanlar hesabına gücləndirilir. Bəllidir ki, Türkiyənin NATO-dakı müttəfiqləri rəsmi Ankaraya qarşı dəfələrlə embarqo tətbiq edib. Onlar düşünüblər ki, Qərb texnologiyası olmadan Türkiyə hərbi sənayesi irəli gedə bilməz. Ancaq Türkiyə Qərbə də, bütün dünyaya da bunun tam əksini sübut etdi. Bu fakta diqqət edək: Qos-qoca ABŞ-ın hərbi sənayesinə F-35 qırıcısının layihəsindən ilk uçuşuna qədər 5 il vaxt lazım oldu. Bu sahədə elə bir təcrübəsi olmayan Türkiyə isə bu yolu 8 ilə keçdi. Bu, ağlasığmaz göstəricidir. Əyanilik üçün bir faktı da deyim: Eurofighter Typhoon (Avropa), KF-21 (Cənubi Koreya) və Rafale (Fransa) beynəlxalq təsnifatda 4,5-ci nəsil kateqoriyasına aiddir. Ancaq KAAN isə 5-ci nəslə daxil olub...
Bəllidir ki, Türkiyə ABŞ-dan F-16 qırıcılarının istehsalı üçün icazə istəyir.
Bunun üçün isə öncə Amerika Türkiyəyə F-16 qırıcısının mühərrikinin Türkiyənin daxilində istehsal etməyə razılıq verməlidir. Xatırladım ki, bu məsələ ilə bağlı ilk xəbəri "Bloomberg" agentliyi yaymışdı...
ABŞ 2019-cu ildə Türkiyənin Rusiya ilə yaxınlaşmasını bəhanə edərək rəsmi Ankaranı F-35 ilə bağlı proqramdan kənarlaşdırıb. O da bəllidir ki, Amerika və Türkiyə rəsmiləri Türkiyənin F-35 proqramına yenidən daxil olmasını müzakirə etmək üçün ən azı üç dəfə görüşüblər, lakin danışıqlar indiyədək heç bir nəticə verməyib...
Rəsmi məlumatlara görə, ilk uçuşundan sonra KAAN-ın uçuş sınaqları 2029-cu ilə qədər müxtəlif prototiplərlə davam edəcək. Uçağın dizayn və aparatları təkmilləşdiriləcək. 2029-2033-cü illər arasında Türkiyə Hərbi Hava Qüvvələri ilk 10 KAAN Blok 1 qırıcısını inventarına əlavə edəcək. Türk pilotların intensiv əməliyyatlar vasitəsilə KAAN ilə uçuş təcrübəsi qazanmasına şərait yaradacaq. 2033-cü ildən 2040-cı ilə qədər “Turkish Aerospace” KAAN konfiqurasiyalarını şaxələndirəcək və tam miqyaslı istehsalı davam etdirəcək.
Bu müddət uzun görünsə də, 1974-cü ildə təqdim edilən F-16 döyüş təyyarəsinin bu gün də istehsalda olduğunu və təxminən beş onillik ərzində Blok 70 konfiqurasiyasına çevrildiyini qeyd etmək lazımdır. KAAN-ın təxminən on il ərzində tam əməliyyat qabiliyyətinə çatması gözlənilir.
KAAN təkcə Türkiyə və Azərbaycan üçün deyil, həmçinin Pakistan üçün də önəmlidir. Azərbaycan və Pakistan da müxtəlif dərəcədə milli qırıcı layihəsində iştirak etmək qərarına gəlib. Hazırda Çin qırıcı təyyarələrindən istifadə edən Pakistan KAAN layihəsində iştirak etmək qərarı alqışa layiqdir. Türkiyə mətbuatı yazır ki, Azərbaycan və Pakistan-bu dost xalqlar Türkiyə Hərbi Hava Qüvvələrindən sonra KAAN-ın ikinci və üçüncü istifadəçisi olmağa hazırlaşır.
Yaxın gələcəkdə Türkiyəli mütəxəssislər tərəfindən ərsəyə gətirilmiş KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və TAI Hürjet döyüş təyyarələri Türkiyə hərbi sənayesinin beynəlxalq ictimaiyyətə səs-küylü mesajıdır. Hələ orası da var ki, KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi layihəsi də ortadadır. “Turkish Aerospace” şirkətinin rəhbərlərindən biri olan prof. Temel Kotil bu yaxınlarda belə demişdi: “6-cı nəsil bir az daha güclüdür və pilotsuz təyyarələr sinfinə daxildir. Əvvəlcə KAAN-ı bitirək, sonra yerdə qalanları həyata keçirərik”.
6-cı nəsil döyüş təyyarəsinin yaranması ilə Türkiyənin hərbi sənayesi, müvafiq olaraq Hərbi Qüvvələri görünməmiş ucalığa yüksələcək. Bu fikir də Qərb mediasında dönə-dönə dolaşır...
Yuxarıda qeyd etdiyimiz kimi, Qərblə Türkiyənin münasibəti ziddiyyətlidir.
Bəllidir ki, Kanada Türkiyə dronlarının Azərbaycan tərəfindən Ermənistana qarşı istifadəsini bəhanə edərək türk PUA-larında istifadə edilən elektro-optik kameraların Türkiyəyə satışına embarqo qoydu. Ancaq Türkiyə bu vəziyyətdən böyük uduşla çıxdı. Belə ki, embarqodan sonra yerli alternativlər inkişaf etdirildi. KAAN döyüş təyyarəsi də Almaniyanın vetosuna görə əvvəllər əldə edilə bilməyən “Eurofighter Typhoon”-un yerli inkişafına səbəb oldu. Diqqət edin: Almaniyada 5 milyon türk yaşayır. Ancaq onlar Almaniyanın siyasi həyatına təsir edə bilmirlər. Almaniya parlamentindən 10 nəfərdən çox Türkiyə əsilli deputat var. Onların hamısı anti-Türkiyə mövqeyindən çıxış edir. Niyə belədir? Çünki Almaniyanın siyasi sistemi elədir ki, Türkiyəyə dəstək verən siyasətçi uğur qazana bilməz. 2016-cı ilin iyununda Almaniya parlamenti qondarma erməni soyqırımını tanıdı. Maraqlı orasıdır ki, bu işdə parlamentin Türkiyə əsilli deputatları xüsusi canfəşanlıq etdi. Ancaq Rusiya, Fransa və ABŞ-da yaşayan ermənilər öz dövlətlərinə qarşı belə yaramazlıq etməzdi. Heç onlardan bunu tələb edən də yoxdur. Əksinə, onların anti-Türkiyə çıxışları adıçəkilən dövlətlər tərəfindən bu və ya digər səviyyədə dəstək verilir.
O da göz qabağındadır ki, ABŞ Yunanıstana 40 ədəd F-35 qırıcısı satır. Türkiyəyə isə F-16-nı belə vermək istəmir. Niyə? Çünki Qərb Türkiyənin güclü ölkə olmasını qətiyyən istəmir. Tarixdən bəllidir ki, 1926-cı ilin oktyabrında Türkiyənin Kayseri şəhərində dövlət səviyyəsində TOMTAŞ təyyarə fabriki açıldı. Bu fabrik Türkiyəni dünyanın aviasiya sahəsində ən öncül ölkələrdən birinə çevirə bilərdi. I Dünya müharibəsindən sonra Versal sülh müqaviləsinə görə Almaniyanın təyyarə istehsalına məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən də Almaniya Türkiyəyə-TOMTAŞ-a dəstək verdi. Atatürk özü də bu fabrikdə olub. Fabrikdə yüksək səviyyədə görülən işlər bütün dünyaya səs saldı. O vaxt Türkiyə bəzi Avropa ölkələrinə belə təyyarə satırdı. Həmin fabrik 1950-ci ilə qədər fəaliyyət göstərdi. Daha sonra Amerikanın təkidi ilə fabrik qapadıldı. Məqsədli şəkildə Amerika, bütövlükdə Qərb Türkiyəni texniki inkişafdan geridə qoydu. Nəticədə Türkiyə Qərbin istehsal etdiyi texniki avadanlıqların, o cümlədən qırıcıların alıcısına çevrildi. Düşünün ki, Türkiyə F-16 qırıcısını almaq üçün 23 milyard dollar ödəyib. İndiyə qədər Türkiyə trilyon dollardan artıq silah-sursata vəsait ayırıb. Bu qədər kapital Türkiyənin hərbi sənayesinə qoyulsa idi, indi Türkiyə texnologiya sahəsində hansı zirvəyə yüksəlmişdi?..
O da birmənalıdır ki, sayın Tayyib Ərdoğan olmasa idi, Türkiyə KAAN, Bayraktar KIZILELMA, ANKA-3 və bu kimi silahları istehsal etməyi xəyalına belə gətirə bilməzdi.
Çünki Qərb buna imkan verməzdi. Ancaq AKP iqtidarının qətiyyəti Türkiyənin çağdaş texnologiyalara girişinin qarşısına Qərbin çəkdiyi Çin səddini yarıb keçməsinə səbəb oldu. Artıq Qərb bu prosesin qarşısını ala bilməz...
Türkiyənin də, bütövlükdə Türk dünyasının da xilası çağdaş texnologiyalara söykənən iqtisadiyyatın formalaşmasından keçir. Türkiyə bu istiqamətdə ciddi irəliləyişə nail olub və digər türk dövlətləri də Türkiyədə həyata keçirilən KAAN kimi layihələrə maliyyə dəstəyi verməlidir. Varlı ərəb ölkələrinin də bu kimi layihələrdə iştirakı İslam dünyasına böyük üstünlüklər qazandıra bilər. Bu barədə ciddi düşünmək lazımdır.
Gözümüzün qarşısında XXI əsr türk əsrinə çevrilir.
Elbəyi Həsənli,
Sürix