Vasif Talıbov səhvlərilə təhlükəsizlik mühitini korlayırdı
Aqşin Kərimov
Kim hara işləyib, hansı xüsusi xidmət orqanları tərəfindən ələ alınıb, bilmirəm.
Çünki əldə dəlil yoxdur, deyilənlərdə isə məntiq xətaları olduğu üçün onlar etibarlı sayıla bilməz.
Lakin bilirik ki, Naxçıvan uğrunda üç maraq - Türkiyə, İran və Rusiya - baş-başa gəlirdi.
Azərbaycanla Türkiyə strateji müttəfiq olduqdan sonra Naxçıvan uğrundakı gizli mübarizə şiddətləndi.
Azərbaycanla Türkiyə İranın artan hədələri, Rusiyanın küləklər əsdirməsi fonunda yeni çağırışlarla üz-üzə qaldı.
Naxçıvanın Türkiyə üçün əhəmiyyətindən danışmaq lazım deyil, hamı bilir ki, Ankara üçün Naxçıvan nə deməkdir.
Fikir verirsinizsə, Türkiyə PKK-nın Cənubi Qafqazdakı özəklərini də araşdırdığını müxtəlif informasiyalarla üstüörtülü dilə gətirirdi.
Görünür ki, Türkiyə dövlətinin qüdrətli dövlət cihazı olan MİT bəzi məlumatlara yiyələnib və Naxçıvanın ona qarşı proseslərdə vasitə kimi istifadə olunduğu haqqında məxfi hesabat hazırlayıb.
Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlı qaldığı halda, Naxçıvandakı muxtar hökumətin verdiyi əks qərarlar suallar doğururdu.
Hər halda, Naxçıvan Muxtar Respublikasını idarə edən şəxslərin özlərini əlahiddə statusda göstərməsi Azərbaycan Konstitusiyasına hörmətsizlik əlaməti idi və təhlükəsizlik üçün təhdidlər yarada bilərdi.
Ona görə də, Vasif Talıbovun vəzifədən getməsi labüdləşdi.
Bununla da Türkiyənin Azərbaycanla strateji müttəfiqlik əlaqələrini yaralamaq istəyən bir səhifə qapandı və Bakı ilə Ankara İran üzərində gizli mübarizənin bu mərhələsindən də qalib çıxdı.
Lenti bir qədər də geri çevirək, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra Vasif Talıbovun qürubu start götürdü.
Pandemiya zamanında Talıbovun mərkəzi hökumətlə hesablaşmaması da acıq çıxmaq cəhdi idi, lakin reallıqlar hələ də Talıbovun vəzifədə qalmasını tələb edirdi.
Cənubi Qafqazdakı yeni reallıqlarda isə artıq Vasif Talıbova ehtiyac olmadı, çünki etdiyi səhvlər nəticə olaraq həssas təhlükəsizlik mühitini korlayırdı.