Ərmən - Şuşanikin sevgisi
Mahir Qabiloğlu
Bura yeni Bakıdır. Zəmanəsinin yeni Bakısı. “Qara şəhər” adı veriblər ona. Bilmirəm böyük mənasında, yoxsa zavodların bacasından çıxan qara tüstülərə görə? Amma biz onu heç vaxt azərbaycanca çağırmamışıq. Bura “Çornıqoroddur”. Atamgil NZS-də evlərin təhvil verib, Şaumyan xəstəxanası ilə üzbəüzdə 5 mərtəbəli evdə mənzil aldılar. Biz də məktəbə burda getməyə başladıq. Bir bacı üç qardaş idik. Həyətimiz isə beynəlmiləl bir ailə. Elə rayonumuzun da adı erməni idi –Şaumyan rayonu. Xəstəxanamız – Şaumyan, büstümüz – Şaumyan, küçəmiz – Şaumyan, metromuz - Şaumyan. Həyətimizdə də əsasən ermənilər, ruslar. Hərənin öz ləhcəsi, dialekti, müraciəti. Mənim adım Əhməddir. Ermənilər mənə Axmedcan deyirdilər. Ruslar isə Axmedik. Biz də onları elə öz dillərində çağırırdıq. Ermənilərin adlarının axırına “can”, ruslara isə “ik” qoşurduq. Bizə sonluqda “can” deyəndə o saat bilirdik ki, ermənidir. Amma bir şeyin fərqinə varmırdıq ki, axı “can” Azərbaycan sözüdür. Ermənilər bunu niyə özəlləşdiriblər. Bizə xoş gəlsinlər deyəmi?
Biri qara qaş, qara göz görəndə soruşurdular: “Hayes, Turkes?” Məəttəl qalırdım. Türk nədir? Azərbaycanda türk var? Türklər Türkiyədədir. Bura isə Azərbaycandır – Sovet Azərbaycanı. Biz isə azərbaycanlıyıq.
Qulaq asdıqları mahnılar da Azərbaycan mahnıları idi. Ölürdülər Zeynəb Xanlarovayla Məmmədbağır üçün. Bəzən biz azərbaycanlılara acıq da verirdilər. O Azərbaycanın yox, bizim Ermənistanın xalq artisdidir. Sonra da başlayırdılar oxumağa:
"Qardaş olub Hayastan,
Azərbaycan."
Həyətimizdə bütün sənətkarlar ermənilər idi. Əlləri də ki, qızıl. Azərbaycanlılar evlərində apardıqları təmir işlərinə ancaq onları çağırırdılar. Bir-iki ay əvvələ növbələri vardı. Qaz, neft və başqa qara işlərə isə ruslar baxırdı.
Bir erməni çəkməçi vardı. Nəbzini tutmuşdum. Bilirdim ki, Anastas Mikoyanın pərəstişkarıdır. Ovaxtlar mağazalarda yaxşı ayaqqabı tapmaq çətin idi. Ona görə də bir dəfə tikdirib, on dəfə təmir elətidirir, yeddi-səkkiz il də geyinirdik. Bilirdim ki, Mikoyan Azərbaycan Kommunist Partiyasının 1-ci katibi, Şaumyanın silahdaşı olub. Xruşşovun dövründə də SSRİ Ali Sovetinin sədri seçilib. Amma üzünü də görməmişdim. Amma ayaqqabının xatirinə tərifləməliydim. O vaxt zərbi-məsələ çevrilən bir misala uyğunlaşırdım: “Erməniyə dayı deyirəm, işimin xatirinə”. Girirdim bu erməninin darısqal pinəçi budkasına, başlayırdım Anastas Mikoyanı tərifləməyə. Öy ki, öyəsən. Ta o vaxtacan ki, Karapet əmi “Ara, xoşum gəldi səndən. Axmedcan, sənə bir dənə qəşəng ayaqqabı məndən hədiyyə” deyirdi.
Rus, yaxud da ki, erməni öləndə məhləmizin avara azərbaycanlıları üçün toy-bayram idi. Səhər tezdən kəsdirirdilər erməninin qapısını. Yalandan göz yaşı da tökürdülər. Bilirdilər ki, ehsan araqla olacaq. Bunların da ehsan süfrəsində araq badələrini toqquşdurmaq adət deyil. Bizimkilər çaşıb “Rubikin sağlığına” deyərək badələri cingildədirdilər də.
Bir İbiş dayı vardı. Erməni yasında o qədər vurmuşdu ki, ayaq üstə dayana bilmirdi. Arvadı da deyinə-deyinə qalmışdı: “Kül başıva! Məhəmməd öləndə qırxına güc bəlayla gedib çıxdın. İndi nə oldu, Rubik ölən kimi qaçıb kəsdirmisən qapıların. Araq var ona görə?”- deyinə-deyinə qalmışdı.
Həyətimizdəki erməni oğlan uşaqlarının çoxu rusca oxuyurdu, elə qızları da. Amma aralarında biri - Armen əminin qızı Şuşanik bizim məktəbdə azərbaycanca təhsil alırdı. Bir sinifdəydik. Bir gedib, bir qayıdırdıq. Gözəl idi. Qara gözləri, uzun saçları vardı. Yaraşıqlı əndamı can alırdı. Adını çağırmaq mənə xüsusi zövq verirdi. Şuşanik. Sanki Şuşa canlanırdı gözümün qabağında. Mənə elə gəlirdi ki, Şuşanik adı elə Şuşa sözündən götürülüb. Sadəcə əzizləmək üçün axırına “İk” artırıblar. Necə ki, məni əzizləyəndə Axmedik demirdilər?
Əslimiz Şuşadan idi. Amma ömrümdə o yerləri görməmişdim. Heç bilmirdim harda yerləşir. Atam-anam da Bakıda doğulmuşdular. Evdə bir kəlmə də nəslimiz, elimiz, obamız barədə danışmırdılar. Amma Şuşanikgil Bakıya Qarabağdan köçmüşdülər. Babası ilə nənəsi Hadrutda yaşayırdı. Hər il yayı ora gedirdilər. Dağlardan, bulaqlardan, çaylardan, təbiətin əsrarəngiz gözəlliklərindən ağızdolusu danışırdı. Mən də bu erməni qızının Qarabağla bağlı söhbətlərinə maraqla qulaq asırdım. Erməni qızı mən şuşalıya Qarabağ dərsi verirdi. Amma könlümdən oralara havalanmaq belə keçmirdi. Mənim həyatım burda idi. Çornıqorodda. Zavodların tüstü dolu bacaları, benzin, neft daşıyan lokomotivlərin siqnalları, tramvayın zəng səsləri, Bulvar, Bakı küləyinin qaldırdığı toz-duman. Bunlar mənə daha doğma idi, nəinki Qarabağ və Qarabağ barədə Şuşanikin söhbətləri. Amma yenə də qulaq asırdım.
Erməni oğlan uşaqları mənimlə dostluğa yaman can atırdı. Mən ermənicə bilmirdim. Amma rusca əla danışırdım. Onlar da rusca yaxşı bilirdilər. Amma hər vəchlə mənimlə azərbaycanca danışmağa səy göstəridilər. Azərbaycan sözlərinin qolunu-qabırğasını sındıra-sındıra... Mən də onları ələ salırdım. “Ara, maşın harama getdi yox e, maşın haraya getdi deyərlər”. Bu minvalla erməni uşaqlar Azərbaycan dilində məndən də yaxşı danışmağa başladılar. Sonra isə başladılar uzaq gəzməyə. Sonralar bildim ki, demə bunlara danışıq dilimizi mükəmməl öyrənmək lazım imiş. Amma dəxli yox idi. Şuşaniklə dostluğumuz gündən-günə möhkəmlənirdi. Armen əmi də qızını mənə tapşırmışdı ki, birdən məktəbdə-zadda sataşan olsa, müdafiə elə. Bir yerdə gedib, bir yerdə gəlirdik. Qardaşı Arsen bizə əyri-əyri baxsa da atasının qorsxusundan cınqırını da çıxartmırdı.
Atam, anam da bu dostluğumuza etiraz etmirdilər. Daha doğrusu heç veclərinə də deyildi. Qapıbir qonşu idik, qaynayıb-qarışmışdıq.
Şuşanik çox bilikli qız idi. 80-ci illər olmasına baxmayaraq dünyagörüşü geniş idi. Elə suallar verirdi ki, qoyun kimi durub üzünə baxırdım.
– Əhməd, Azərbaycanda Sovet Hakimiyyətinin banisi kimdir?
– Bilmirəm.
– Şaumyan – Stepan Şaumyan. Bax rayonumuz da onun adınadır. Hələ Azərbaycanın bir kənd rayonu da var – kənd Şaumyan rayonu. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı haradır?
– Bilmirəm.
– Necə yəni bilmirsən? Stepanakert. O da Şaumyanın adından götürülüb. Bəs DQMV-ya neçə rayon daxildir?
– Bilmirəm.
– Vay-vay. Heç olmasa Şuşanı deyəydin. Mardakert, Stepanakert, Martuni, Hadrutu da mən əlavə edərdim. Bəs Azərbaycanın ilk xalq yazıçısı kim olub?
– Bilmirəm.
– Əslən erməni Aleksandr Şirvanzadə. Evdə məndə “Xaos” kitabı var. Azərbaycanca yazıb. Verərəm oxuyarsan. Düzdür, ermənilərə sataşıb. Amma dəxli yoxdur. Fəxrimizdir. Bəs “perestroyka”nın iqtisadi memarı kimdir? Ermənidir Axmedcan, erməni. Akademik Aqanbekyan. Roma imperatorluğunu iflasdan, Spartakın üsyanından qurtaran da ermənidir – daha doğrusu haylar. Ərəb xilafətini Babəkdən xilas edən də mənim ulu babalarımdır. Sən heç Babəki tanıyırsan?
– Hə. Kinosunu görmüşəm.
– Xürrəmilər hərəkatının adını niyə belə qoyublar? “Azad məhəbbət” nə deməkdir?
– Bilmirəm.
– Elə bilməsən yaxşıdır. Hələ yaşın çatmır. Ermənilərin katalikosu kimdir?
– Bilmirəm.
– Vazqen, Axmedcan. Yaxşı Sizin dini rəhbəriniz – Şeyxülislamınız kimdir?
– İlk dəfədir eşidirəm.
– Sən heç məscidə getmirsən?
– Yox.
– Amma mən gedirəm. Anam hər həftə məni birinci aparır Parapetin yanındakı erməni kilsəsinə, sonra Təzə Pir məscidinə, sonra isə rus pravaslav kilsəsinə. Hər üçündə şam yandırıb dua edirik.
– Erməni kilsəsin başa düşdüm. Bəs məscidə, xristian kilsəsinə niyə?
– Axmedcan məbədlər ayrıdır, Allahımız ki, birdir.
– Vallah heç nə başa düşmədim. Başımı şişirtdin lap.
Bezdirirdi məni bu suallarıyla. Hamısında da “erməni, hay” deyib fəxr edirdi. Bilmirəm hardan oxuyurdu. Bu haqda bizə nə dərs keçmişdilər, nə də evdə atam-anam danışmışdı. “Hay” deyəndə Hitler yadıma düşürdü. Hər dəfə müharibədən kino göstərəndə dodaqlarıma təbəssüm qonurdu. “Hay Gitler” eşidən kimi fikirləşirdim ki, yəqin Hitler də erməni olub. Amma yaxşı ki, almanca keçirdik, “hay” səslənsə də yazılışının “heil” olmağını bilirdim.
Artıq məktəbi qurtarırdıq. Buraxılış gecəsiydi. Günəşi qarşılamaq üçün Bulvara getmişdik. Uşaqların gözündən oğurlanıb qalxdıq Kirov adına dağüstü parka. Şuşanik yenə başladı suallarını yağdırmağa:
– “Əsli Kərəm” dastanını oxumusan?
– Yox.
– Nərimanovun “Bahadır və Sona”sın necə?
– Oxumamışam.
– Hüseyn Cavidin “Şeyx Sənan” əsərin necə?
– Eh, bu qədər sual vermək olar? Oxumamışam. Mənə bunlar lazım deyil. Mən neftçi olacağam, atam kimi. Texniki fənlərdən de, cavab verim.
– Eh, Axmedcan, axı mən sənə Avetik İsakyandan sual vermirəm. Dediklərim hamısı Azərbaycanın tarixi, ədəbiyyatıdır. Yaxşı, azərbaycanlı oğlanın erməni qızına olan məhəbbətinə necə, inanırsan?
Şuşanikin qara gözlərinə baxdım. Gecənin qaranlığında yanıb, alovlanırdı. Sonralar başa düşdüm ki, bütün bu sualları nə üçün verirmiş. Birinci özünü böyük bir mədəni xalqın övladı kimi göstərmək üçün. İkincisi isə Bahadır və Sonanın, Əsli Kərəmin axırını gətirmək üçün.
– İnanıram.
Şuşanik elə bil bunu gözləyirmiş. Dodaqlarını dodaqlarıma yapışdırdı. Od tutub yanırdıq. 17 yaşlı mən ilk dəfə idi ki, qadın öpüşü görürdüm. Daha doğrusu hiss edirdim. Uçunurdum. Özümü güclə saxlamışdım. Mən öpmürdüm. Şuşanik ağuşuma sığınıb məni öpürdü. Çaşıb qalmışdım. Azərbaycanlı ilə erməninin məhəbbətinə inanmağım geridə qalmışdı. Mən bunu yaşayırdım. Hiss etdikcə də məhəbbətin dərinliklərinə gedirdim. Bu dərinliklərdə batacaqdım, yaxud da sağ qalacaqdım bilmirəm. Ehtirasdan Şuşanikin gözlərindən yaş axırdı. Sanki pişik kimi miyolduyurdu. Mən artıq özüm deyildim. Mən Şuşanikin dünyasındaydım. Bu qədər ehtiras, sevgi, şəhvəti kitablarda oxumuşdum – utana-utana. “Min bir gecə” nağıllarındakı sevgi hekayətlərinin qanuni sonluqlarını əzbərləmişdim də. Amma indi bu nağılın iştirakçılarından biri idim: “Sultan “topu” doldurub atdı. Qızın “qala”sını dağıtdı. Bir də doldurub atdı. Bir də... Yoruldu yatdı. Nağıl dili yüyrək olar. 9 aydan sonra Sultanın bir oğlan uşağı dünyaya gəldi”. Mən də “Min bir gecə” nağıllarının ağuşundaydım. Amma Sultan deyildim. Hər ikimiz orta məktəbin kandarındaydıq. “Buraxılış gecəsi”nin günahında. Dağüstü parkda. Bir ağacın altındakı otluqda. Sərhədi keçmişdik. Artıq gec idi. Doğrusu lap ürəyimdən idi. Şuşaniki sevirdim. Artıq bunu o da bilirdi. Yaxşı, bəs atama-anama nə deyəcəyəm?
– Şuşanik, artıq səhər açılır, gəl gedək.
– Hara?
– Evə.
– İstəmirəm. Gəl elə indi gedək yazılaq komsomolçu-tikinti dəstəsinə. Çıxaq gedək BAM-a. Baykal Amur Magistralının tikintisinə qoşulaq. Ev alaq, ailə quraq, komsomol toyu eləyək. İkimiz olaq, sərbəst olaq. Öz həyatımızı özümüz quraq.
– Şuşanik, gəl gedək evə. Hələ qoy attestatımızı alaq, instituta girək. Sonra danışarıq.
– Eh, kimə deyirəm. Siz azərbaycanlılar beləsiniz də. Kamal Attestatı alaq -kamilləşək, instituta girək - elmlənək, sonra əsgər gedək - kişiləşək, əskərlikdə partiyaya keçək - vəzifələnək. Sonra qayıdıb işə düzələk. Xalaqızıdan, bibiqızıdan birin alaq, uşaq dünyaya gəlsin, biri də... biri də... Onları oxutduraq, böyüdək, evləndirək, ərə verək. Kimin üçünsə yaşayaq, sonra da ölək. Düz dedim, Axmedcan?
– Bilmirəm. Gəl nə qədər hava işıqlanmayıb evə çataq. Paltarımız pis gündədir. Evdəkilər görməsin.
– Lap görsünlər. Bu gün mən xoşbəxt olmuşam. Mən Axmedcanı sevirəm.
– Yavaş. Eşidən olar. Evdə-zadda hələ demə ya. Aləmi qatarsan bir-birinə. Yaxşı?
– Yaxşı, Axmedcan, yaxşı. Qoy sən deyən olsun. Axı, artıq sən kişi olmusan, mən də...
Attestatımızı almışdıq. Şuşanik sənədlərini Xalq Təsərrüfatı institutuna, mən isə Nef-kimya institutuna vermişdim. İkimiz də imtahanları müvəffəqiyyətlə verib qəbul olduq. Yenə də bir yerdə gedib, bir yerdə gəlirdik. Hələ bir-birimizi dərsdən də qaçırırdıq. Əlaçı stipendiyası aldığımızdan hərdən “Nərgiz”, “Firuzə” kafesinə də gedirdik. “Buraxılış gecəsi”ndəki sirrimizi isə heç kim bilmirdi. İnstitutu qurtarmağımızı gözləyirdik. Valideynlərimiz toya, gəzməyə gedəndə onların evində bir yerdə “dərs də oxuyurduq”. Beləcə xoşbəxt günlərimizi yaşayırdıq.
Hər gün dərsdən çıxıb Torqovı ilə üzü yuxarı addımlayaraq Xalq Təsərrüfatı institutunun qabağına gəlirdim. Şuşanik küçədə məni gözləyirdi. Bir-birimizə qoşulub şəhəri gəzirdik, ya kitabxanaya gedirdik. Səhər də eyni qaydada. Birinci onu yola salırdım, sonra özümü dərsə çatdırırdım.
İllər keçirdi. 4-cü kursda oxuyurduq. Yenə də adəti üzrə Şuşanikin arxasınca gedirdim. Kommunist küçəsi qələbəlik idi. Kimisi “istefa”, kimisi “Qarabağ”, “Ar olsun!” qışqırırdı. Ara-sıra “ermənilər, Qarabağdan əl çək!” şüarlarını da hayqıra-hayqıra Lenin meydanına doğru irəliləyirdilər. İnstituta yaxınlaşdım. Şuşanik həmişəki yerdə yox idi. İnstituta girdim. Dərs cədvəlində sonuncu dərsin yerini öyrəndim. Auditoriyaya daxil oldum. Şuşanik Kommunist küçəsinə açılan pəncərənin qabağında donub qalmışdı. Tir-tir əsirdi:
– Axmedcan gəldin. Mən qorxuram. Yaman qorxuram.
– Nədən qorxursan? Nə eləmisən ki, qorxursan?
– Bu gün çox sevincək idim. Elə bil dünyanı mənə vermişdilər. Amma indi qorxuram. Səni itirməkdən qorxuram
– Mən burdayam. Heç yana getmirəm. Sən niyə həmişəki kimi küçəyə çıxıb məni gözləməmisən?
– Qorxumdan. Kütlə “tətil, tətil” qışqıranda, bütün uşaqlar küçəyə axışdı. Mənə də əyri-əyri baxdılar. Axı, mən nə eləmişəm?
– Nə olub , axı? Məni başa sal!
– Bilmirəm.
Yerlərimizi dəyişmişdik. İndi mən Şuşaniki sual yağışına tutmuşdum. O isə bilmirəm deyə-deyə qalmışdı. Amma bilirdim ki, nəsə bilir. “Ermənilər, Qarabağdan əl çək!” sualının cavabını gözlərindən oxuyurdum.
Evə gəldik. Yol boyu təlaş içindəydi. Heç kim Şuşanikə heç gözünün ucuyla da baxmırdı. Amma o özünü günahkar kimi aparırdı. Həyətə girdik. Anası balkondaydı. Tez bizi görcək blokun qapısına düşdü. Qızını çoxdan görməyən kimi, bərk-bərk qucaqlayıb öpdü. Sonra üzünü mənə tutaraq:
– Axmedcan, vallah bizim günahımız yoxdur. Bunu biz eləməmişik.
– Axı nəyi?
Evə girmədim. Lenin meydanına tərəf üz tutdum. Mitinq idi. Səbəb isə ermənilərin Topxana meşəsində ağac kəsməkləri idi. Mənə qəribə gəlirdi. Topxana harda yerləşirdi? Bilmirəm. Dediklərinə görə Qarabağda bir meşəlik yerdir. Bəs onda mitinq niyə Bakıda idi? İkinci də üç-dörd ağaca görə də minlərlə insan mitinqə toplaşar? Yaxşı, toplaşıblarsa onda Topxanaya yürüş edib ağac kəsilməyinin qarşısını niyə almırlar? Elə hey qışqırırlar. Bir nəfər də tribunada guya ki, kütləni idarə edir. “Otur! Dur! Otur! Dur!” İşə düşdük də. İndi də deyir ki, “Oturmayan erməni. Oturmayan erməni”. Biri karıxdı, gec oturdu. Saldılar yazığı təpiklərinin altına. İlahi, görəcəyimiz günlər varımış.
Bir az sonra Dağlıq Qarabağ Muxtar Vilayəti kəlmələrini eşitməyə başladım. Sonra Fransanın “Fiqaro” qəzetinə akademik Aqanbekyanın verdiyi müsahibədən bəhs etdilər. Artıq ziyalılar, tarixçilər çıxış etməyə başlayırdılar. Mitinqdə erməni qızı Şuşanik kimi sual vermirdilər, izah edirdilər. Sonra dedilər ki, ermənilər azərbaycanlıları Ermənistandakı ata-baba evlərindən qovmağa başlayıblar. Hətta bəzilərini öldürüblər, diri-diri turbaya salıb hər iki tərəfindən svarkayla bağlayıblar. Qadınların belinə samavar bağlayıb qaynadıblar. Hamilə qadının qarnını cırıb uşağını çıxarıb nizəyə taxıblar. Sinələrinə erməni xaçı formasında dağlar basıblar. Qarabağ erməniləri DQMV-nın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsini tələb edirlər. Referendum keçirib “hə” cavabı da veriblər. İlahi, mən nə eşidirdim. Bunlar düz idimi? Deməli Şuşanik və anası buna görə təlaş içindəydilər. Deməli onlar bütün bunları əvvəldən bilirlərmiş?
Evə qayıtdım. Şuşanikgilin qapısını döydüm. Qorxa-qorxa açdı:
– Axı, niyə qorxursan?
– Evdə heç kim yoxdur. Anamdır bir də mən. Atamla, qardaşım Hadruta gediblər. Çörək almağa da düşə bilmirik qorxumuzdan.
– Axı, Sizə kim nə deyir ki... Nədən qorxursunuz?
– Erməni olmağımızdan.
– Heç yana getməyin. Mən alıb gətirərəm.
Axşam atam da evə gec gəldi. Şəhərdə baş verən hadisələrdən xəbərdar idi. Şam edirdik. Birdən qapı döyüldü. Şuşanik idi. İçəri girmədi. Kandarda qulağıma bir-iki kəlmə pıçıldadı. Uçmağa qanadım yox idi. Atam-anam səbəbini soruşanda artıq gizlətmədim:
– Ana, ata, bu yaxında baba, nənə olacaqsınız.
– Sən nə vaxt evləndin ki, biz də nənə-baba olaq?
– Mən çoxdan demək istəyirdim. Bəs mən... Şuşanik... çoxdan bir yerdəyik.
Atam, anam heç nə demədilər. Yerlərində qurumuşdular. Mən isə sevincimdən yerə-göyə sığmırdım. Fikirləşirdim. Təki qızımız olaydı. Şuşanik kimi gözəl, ağıllı, bilikli. Amma atamla anamın qırışığı açılmırdı. Nə deyəcəklərini bilmirdilər.
– Ay bala, indi biz neyləməliyik?
– Necə yəni neyləməlisiniz? Elçi getməlisiniz. Nişan qoymalısınız. Toy çaldırmalısınız. Elin adəti üzrə.
– Yengə də çağıraq? – deyə anam dilləndi. Şəhərdə aləm dəyib bir-birinə, sən də gedib erməni alacaqsan? İstəyirsən bizi topa qoyub atsınlar? Qohum-əqraba nə deyər?
– Ay ana, bu necə olur e... dünən “Şuşanik, qızım, mənim balam” çağırırdınız, bu gün çönüb oldu “erməni?”. Gözünüzün qabağında böyüyüb. Uşaqlıqdan indiyəcən bir yerdə olmuşuq. O məni sevir, mən də onu. İndi də uşaq. Sabah tezdən Şuşaniklə gedəcəyik ZAQS-a. Toy eləmək istəmirsinizsə eləməyin!
– Bala, ermənilər Ermənistanda, Qarabağda oyunlar çıxarır, sən də ermənini bizə gəlin eləmək istəyirsən?
– Hə! Gəlin də edəcəyəm. Familiyamızı da verəcəyəm. Lazım olsa dinimizi də qəbul edəcək, milliyyətimizi də.
Araya sakitlik çökdü. Atam yeməyin qurtardı. Balkona çıxıb siqaret yandırdı. Məni çağırıb qarşısında oturtdu:
– Oğul, iş-işdən keçib. Sənin də qeyrətin yol verməz ki, uşağın atasız böyüsün, başa düşürəm. Amma sənə bir əhvalat danışmaq istəyirəm.
Günlərin bir günü bir erməni deyir ki, bəs mən müsəlman olmaq istəyirəm. Gəlir məscidə mollaya yaxınlaşır. Molla bütün ayinləri ona başa salır. Erməni də ədəb-ərkanla bütün bunlara əməl edir. Mollanın bütün tapşırıqlarını yerinə yetirir. Dəllək gətizdirib bəh-bəhlə özünü sünnət də elətdirir. Vaxt çatır sonuncu ayinə. Molla məscidin həyətində qəbir qazdırır. Tabutu da yanında. Kəfənəbənzər ağ libası geyindirir erməniyə. Uzandırır tabuta və soruşur: “Ay Vazgen, müsəlman adın nə olsun?” O da cavab verir ki, “Mamed”. Beləliklə dörd nəfər adam tabutu Vazgen qarışıq üç dəfə qəbirə salıb çıxarırlar. Hər dəfə də salıb çıxaranda molla deyir: “Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi”. Sonra da Vazgeni tabutdan çıxarıb deyir: “Vazgen, sən bu gündən artıq Mamedsən – müsəlmansan. Get dinimiz nə tələb edir, ona da əməl et”. Mamed də beləcə ömür sürməyə başlayır.
Günlərin bir günü kabab könlünə düşür. Ermənilər də kababı bilirsən də donuz ətindən çəkirlər. İslam dini də donuz ətini haram deyib. Mamed də bunu bilirmiş. Ona görə də üzü qibləyə bir toğlu kəsir. Kabab çəkir yeyir. Amma ləzzət eləmir. On gündən sonra bir də kabab çəkir. Amma donuz ətinin ləzzətini ala bilmir. Nəfsini də basa bilmir. Qırıla-qırıla qalır ki, nə etsin. Axırda “tapdım” deyib başlayır həyətdə qəbirə bənzər çala qazmağa. Çoşkanı bir yeşiyə qoyur və üç dəfə qəbirə salıb çıxarır. Hər dəfə də təkrar edir: “Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi.” Sonra da donuzu öldürüb, ətindən kabab çəkib yeyir. Oğul, bu rəvayəti unutma. İstər adını dəyişsin, istər familiyasını, istərsə də dinini – erməni elə ermənidir. İndi necə istəyirsən elə də et. Qərar sənindir.
Atamın sözlərinə diqqətlə qulaq asdım. Bir anlığa Dezdamonanın atasının Otelloya dedikləri yadıma düşdü: “Mən atasına xəyanət edərək qara həbəşə qoşulub qaçan bir qız gün gələcək sənə də xəyanət edəcək”. Nədənsə atamın bu sözləri mənə “Otello” əsərini xatırlatdı. Bu Vazgen məsələsini anlamasam da ürəyimə xal düşmüşdü. Axırı nə olacaqdı... bilmirəm.
Səhəri gün Şuşaniklə ZAQS-a gedib ərizə verdik. Familiyamı götürəcəyini bildirdi. Üstəlik adın da dəyişdirmək istədi. Razı olmadım.
– Şuşanik – bu ad xoşuma gəlir. Şuşa yadıma düşür hər dəfə səni çağıranda. Dəyişdirmə.
– Əhməd...
– Əhməd nədir? Axı, mənə Axmedcan deyirdin. İndi nə oldu?
– Əhməd, sözümü kəsmə. Şuşaniki mənə atam qoyub. 906-cı ildə Sünik sülaləsinin hakimi olan Aşot Süninin arvadı Şuşanikin adından götürüb. Amma maraqlı faktdır. Şuşaya sırımaq olar. Amma dəxli yoxdur, adımı dəyişib Süsən qoyacağam. Süsən Məmmədova. Yaxşı səslənir, elə deyilmi?
– Necə istəyirsən.
Üstündən bir ay keçdi. Rəsmi kəbinimiz kəsildi. Şuşanik rəsmən Süsən Məmmədova oldu. Pasportu dəyişəndirəndə milliyyətin azərbaycanlı yazdırdı. Atasıyla da qardaşı Hadrutdan iki günlüyə qayıdıb məni öz evlərinə bir kürəkən kimi daimi qeydiyyata saldılar. Özləri isə qeydiyyatdan çıxıb, əmanət banklarındakı pulların da çıxarıb geriyə - Hadruta döndülər. Bəzi qonşular onlar gedəndə ağladılar da. Şuşanik Armen qızı Manuçaryan isə Süsən Məmmədova olaraq ata evində qaldı. Mən azərbaycanlının adına olan ata evində.
Aylar keçdi. Süsən müsəlman dinini qəbul etdi. Hicaba girdi. Oğlumuz dünyaya gəldi. Süsənin təkidiylə adını qədim türk tayfalarından birinin adı olan Ərmən qoyduq. O günəcən mən bunu bilmirdim. Kitabxanadan tapıb gətirib mənə sübut etdi. Mən də razılaşdım. Yeni ad idi. Türk Mən var, qoy Ər Mən də olsun. Oğlum ər olsun. Milli oyanış, mitinqlər dövründə gözəl səslənirdi. Hətta məni bu ada görə tərifləyənlər də olurdu.
O illərdə Süsən qonşuluqdakı bütün ermənilərin işinə yaradı. Təhlükəli anlarda onları evimizdə gizlətdi. Hətta yaydan-yaya yada düşən bağımız da bunkerə dönmüşdü. Qapı-qapı gəzib məskunlaşmaq üçün boş erməni evi axtaran qaçqınlar isə hicablı arvadımı görəndə üzr istəyib uzaqlaşırdılar. Ondan soruşanda ki, “buralarda erməni evi zad yoxdu ki?”, ədəb-ərkanla cavab verirdi: “Biz özümüz də Qarabağdan təzə köçmüşük. Şuşadanıq. Heç kimi tanımırıq”.
İllər keçirdi. Hadisələr bir-birini əvəzləyirdi. Həyətimizdə bircə erməni qalmışdı – o da azərbaycanlı, müsəlman Süsən Məmmədova idi. Valideynlərim də, mən də onun erməni olduğunu artıq yaddan çıxartmışdıq. Atamın dedikləri isə yadımdan çıxmırdı. Süsən özünü əsl azərbaycanlı qadını kimi aparırdı. İki oğlumuzu – Ərmənlə Ərsəni türkçülük ruhunda böyüdürdü. Əsl ərənlər kimi....
Çalışdığım sahədə də irəli gedirdim. Müdirimlə ailəvi dost olmuşduq. Arvadlarımız da rəfiqə idi. Uşaqlarımız bir məktəbdə oxuyurdular. Müdirin arvadının adı Qaranquş idi. Amma hərdən çaşıb Haykanuş da çağırırdı. Eynən mən kimi. Hərdən mən də çaşırdım. Süsən yerinə Şuşanik deyirdim. O saat dodaqlarımı əliylə qapayırdı. “Uşaqlar eşidər. Yavaş”
Günlərin bir günü Sankt-Peterburqa gəzməyə getdik. Aeroportda sərhəd nəzarətindən keçəndə miqrasiya işçilərindən biri uşaqlara əlin uzadaraq:
– Hay Armen, dobro pojalovat v Rossiyu.
Məəttəl qaldım. Bunlar hardan bildilər ki, uşağın yarısı ermənidir?
– Ne Armen, Ermen.
– Eto po vaşemu Ermen - ermeni, a po russki, po armyanski – Armen. Armenin, Velikaya Armeniya. Privet, Arsen.
– Ne Arsen, a Ersen.
– Ax, kakaya raznitsa. Proxodite.
Sonradan başa düşdüm ki, “hay” ingiliscə “salam” deməkdir. Yəni belə çıxır ki, ingilislər də ermənidən çönmədir? Çaşıb qalmışdım. Hara baxırdım ermənilərin izi görünürdü. Hətta miqrasiya xidmətinin işçisi də erməniydi. O saat hiss elədi ki, Ərmənlə Ərsən yarımermənidir. Görəsən hardan bildi? Yəqin qan çəkdi. Yox bunların qan kodu birdir. Bir-birlərini o saat başa düşürlər. Hətta hicaba girsələr belə.
Dodağımı dişlədim. Demə ermənidən çönərək müsəlman, azərbaycanlı olan Şuşanik 80-ci illərdə türkün adıyla pərdələnərək, uşaqlarına Ərmən, Ərsən yox, atası Armenin, qardaşı Arsenin adını qoyubmuş? Təkcə atasının yox, millətinin, dövlətinin. Azərbaycan dövləti içində yaratdığı öz dövlətinin. Görəsən bu dövlətin içində dayısına oxşayan qoç igidlər, Ərmənlər, Ərsənlər nə qədərdir? Onlar nifrətə, yoxsa rəğbətəmi layiqdirlər? Onlar atalarının, yoxsa ki, analarınınmı qanını daşıyırlar? Onların ana dili hansıdır? Onların ana Vətəni haradır? Şuşanik məndən “azərbaycanlı oğlanın erməni qızına olan məhəbbətinə necə, inanırsan?” soruşanda, bəs mən niyə ona “erməni qızının azərbaycanlı oğlana məhəbbətinə inanırsanmı?” sualını vermədim. Bilmirəm o bu məhəbbətə inanırdı ya yox, amma mən onun öz xalqına, millətinə olan böyük, sonsuz, ülvi məhəbbətinə yüz faiz inanırdım.
Bütün dünyada hamı Şuşanikdən olan bu yarı türk, yarı erməni yarımçıq Azərbaycan övladlarını özünkü kimi qarşılayacaq, özlərinki kimi qəbul edəcək. Erməninin qatı düşməni olan Türkiyədə Ermen, Ersen, Rusiyada, Pribaltikada, Ukraynada, Amerikada, Ermənistanda Arsen, Armen. Amma bütün hallarda, İstər Ərmən, istər Ermen, istərsə də Armen – son nəticədə “ərməni”, “ərmənistan”, “ərməniyyə”, “ermeni”, “Ermənistan”, “armenin”, “Armeniya” anlamını verəcək.
Ərməni adını da biz azərbaycanlılar onlara vermişik. Sovetlərin tərkibində öz dövlətlərini yaratmaq üçün qədim türk Ərməniiyyə torpaqlarını da biz ərmağan etmişik. Rusca, ingiliscə səslənən “Armenian” “Armeniya” adı da bu türk adının eynisidir. Dünya xəritəsində bütün dünyaya “mən hayam, dövlətimin adı Hayastan” deyə car çəkənlərə “yox sən ərmənisən. Bizim düşmənimizsən. Əsrlər boyu başımıza olmazın müsibətlər gətirənlərin övladlarısan” demişik. Bununla da onları qədimləşdirmişik. Bədii əsərlərimizin qəhrəmanları etmişik. Azərbaycanlının erməni qızına məhəbbətini tərənnüm etmişik. Amma erməni qızının Azərbaycanlı oğlana məhəbbətinin onun öz xalqına, millətinə ülvi məhəbbətinin fonunda nə dərəcədə sönük olmasını göstərə bilməmişik. İşimizin xatirinə biz azərbaycanlılar “erməniyə dayı deməyə” hazırıq. Amma bu, millətinin xatirinə, gələcəyi naminə azərbaycanlıya “ərim, sevgilim, türküm” deyən, onunla bir yastığa baş qoyan erməni qızının yanında nə qədər cılız və gülüncdür.
Sərhədçi pasportuma möhür qoyur. Şuşaniklə mənim izdivacıma atamın qoyduğu “möhür” yadıma düşür. Təkcə yadıma düşmür. Axır ki, anlayıram. Amma gecdir. Atamın sözlərini yaddan çıxarmaq üçün ürəyimdə balaca bir qəbir qazıram. Öz-özümə üç dəfə təkrar edirəm:
“Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi”.